Press "Enter" to skip to content

Prezident bir neçə səfiri geri çağırdı, yenilərini təyin etdi

Prezident İlham Əliyev

Bayraqdar.info – İyulun 16-da Prezident İlham Əliyev bir sıra ölkələrdəki səfirlərin geri çağırılması və yenilərinin təyin edilməsilə bağlı sərəncamlar imzalayıb.

Bu haqda xəbərləri Prezidentin Mətbuat xidməti yayıb.

Prezidentin Sərəncamı ilə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə geri çağırılıb. Başqa bir Sərəncamla Xəzər Fərhadov Pakistana səfir təyin edilib.

Tacikistandakı səfir Həsən Məmmədzadə də geri çağırılıb. İndi o ölkədə Azərbaycanı yeni səfir Əlimirzamin Əskərov təmsil edəcək.

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov da geri çağırılıb. O, eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən də geri çağırılıb. Əvəzində isə Ülvi Baxşəliyev Belarusa səfir təyin edilib. Lakin onun eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi təyin edilməsi haqqında heç nə deyilmir.

Daha bir Sərəncamla Qazaxıstandakı səfir Rəşad Məmmədov da geri çağırılıb. Onu bu vəzifədə Ağalar Atamoğlanov əvəz edib.

Qeyd edək ki, geri çağırılan səfirlər arasında R.Məmmədov və Ə.Əlizadə ciddi fəallıqlarıyla seçilir. O baxımdan onların daha önəmli ölkələrə səfir göndəriləcəyini gözləmək olar.

Digər səfirlər haqqında yetərincə bilgimiz olmadığı üçün qiymət verməkdən çəkinməli oluruq. Amma istənilən halda düşünürük ki, Azərbaycan Prezidenti bu dəfə də ən doğru qərarları verib və növbəti mərhələdə də eyni qaydada davranacağı şübhəsizdir.

Əlavə edək ki, bəzi ölkələrdəki səfirlərin də geri çağırılması gözlənilir. Özəlliklə də adı qalmaqallarda hallanan, korrupsiyaya bulaşdığı haqqında şübhələr olan bəzi səfirlərin geri çağırılıb cəzalandırılacağı istisna deyil.

Ümumiyyətlə isə bundan sonrakı mərhələdə Azərbaycanı təmsil edəcək səfirlərin mütləq çevik və təmiz reputasiyalı olması vacib şərtdir. Nəzərə almaq lazımdır ki, həm ölkənin yetərincə kadr potensialı var, həm də anti-Azərbaycan qüvvələr ölkəmizi beynəlxalq platformalarda gözdən salmaq üçün daha da fəallaşıblar. Belə bir durumda səfirlərin mümkün qədər fəal və təcrübəli şəxslər arasından seçilməsi və qüsursuz işləməsi əsas tələbdir.

Mission News Theme by Compete Themes.