Son yeniləmə: 17 İyul 2021 10:39
Biz prinsipial mövqeyimizdən heç vaxt geri çəkilmədik. Çəkilən də deyilik. Doğru bildiyimizi sonadək müdafiə edəcəyik. Yanlış olanı isə anladığımızda dərhal dayanacaq, onu düzəldəcəyik. Həm də belə olanda kimdənsə utanan, çəkinən də deyilik. “Camaat nə deyər” kimi bir qayğımız yox bizim. Çünki hesabat verdiyimiz tək məqam vicdanımızdır. Şükürlər olsun ki, onun da qarşısında heç vaxt gözükölgəli olmadıq, indi də deyilik.
Son günlər media haqqında yeni qanunun müzakirəsi aparılır. Ortada yayımlanmış bir sənəd yoxdur. Yalnız fikirlər var. Bu fikirlər ətrafında da müzakirə gedir. Təbii ki, qanun bir layihə şəklində cəmiyyətə təqdim edildikdən sonra da müzakirələr olacaq. Lakin indiki müzakirələr daha çox mahiyyət və konkret dövrlə ayaqlaşma istiqamətindədir.
Biz də bu müzakirələrdə fəallıq edirik. İctimai rəyə təsir edib daha mükəmməl və medianın keyfiyyətinin – etibarının yüksəlməsinə xidmət edən bir sənədin ortaya çıxmasında maraqlıyıq.
Müəyyən məsul şəxslərlə, eləcə də ayrı-ayrı həmkarlarımızla müzakirə aparmaqla yanaşı sosial mediada da fikirlərimizi paylaşırıq. Bunda da məqsəd bir tərəfdən maarifləndirmək, digər tərəfdənsə cəmiyyətin mövqeyini öyrənməkdir.
Maraqlı proses gedir. Reaksiyalar da bəzən obyektiv və faydalı, bəzən də əsəbi olur.
Birinci kəsim məsələni müzakirə edib doğrudan da keyfiyyət dəyişikliyinə töhfə verməyə çalışır. Bunlar zərərli deyil, əksinə, faydalıdır. Düzdür, bəzən fərqli düşünənləri də var. Amma dərhal hiss olunur ki, belə düşünməkdə məqsədləri heç də prosesi gözdən salmaq deyil. Əksinə, dediyimiz kimi, daha yaxşı olması üçün töhfə verməkdir.
İkinci kəsim isə kimlərdir? Ənənəvi reketlər! Bəli, məhz onlar özlərinə əməlli-başlı əl qatıblar. Jurnalistikadan sui-istifadəni həyat tərzinə çevirmiş, mövcudluqlarını bunun hesabına sürdürən bu zümrə əməlli-başlı rahatsızdır.
Bu kəsim yaxşı anlayır ki, ortada bir normal nizam olsa mütləq onların əl-ayağı yığışdırılacaq. Hər yerindən duranın özünü jurnalist kimi təqdim edib cəmiyyəti gözdən salması bundan sonra mümkün olmayacaq.
Biz illərdir təkliflər verirdik ki, jurnalistikanın hörmətini özünə qaytarmaq üçün kəsərli addımlar atılsın. Amma təəssüf ki, təkliflərimiz bəhbəhlə qarşılansa da icraat yox idi. İndi isə dövran dəyişib, icraata üstünlük verən qətiyyətli adamlar var meydanda. Biz də onlara güvənib təkliflərimizi yeniləmişik.
Məhz bu yeniləmə də o reket dəstəsini hərəkətə keçirib. Yadlarına düşüb ki, Azər Həsrət keçmişdə müxalifətçi olubmuş. Həm də bunları çox “ciddi” bir sual narahat edirmiş: niyə Azər Həsrət “əqidəsinə xəyanət edərək” İlham Əliyevi dəstəkləyir? Onların ağlınca, biz əgər Prezident İ.Əliyevi dəstəkləyiriksə xainik. Yəni bu gerizəkalılar belə düşünür. Özləri də iddia edirlər ki, İ.Əliyevin tərəfdarlarıdırlar…
Normalda İ.Əliyevin gerçək tərəfdarları onun keçmiş əleyhdarlarının daha əleyhdar olmamasına sevinməli deyilmi? Amma bunlar sevinmir. Əksinə, bizi sıxışdırıb əleyhdar mövqeyimizə qaytarmağa çalışırlar. Əlbəttə, öz ağıllarınca. Hər halda ölkə Prezidentinin bu işləri ilə məşğul olan görəvlilərin məsələ ilə məşğul olmasında fayda var deyə düşünürük.
Nə isə, mövzudan yayınmayaq.
Biz deyirik ki, jurnalistikadan sui-istifadə edənlərin bu peşə ilə məşğul olması qanunla yasaqlanmalıdır. Necə ki, ağır qəza törədən sürücünün sürücülük hüququ məhdudlaşdırılır, yaxud da qulluq mövqeyindən sui-istifadə edib cinayət törədən məmurun vəzifə tutması yasaqlanır, jurnalist adından sui-istifadə edənlərin bu peşəylə məşğul olması da yasaqlanmalıdır. Çünki biz təcrübədə belələrini çox görmüşük. Onlara xəbərdarlıqlar edilib, töhmət verilib, barələrində qınamalar səsləndirilib. Hətta həbsə düşüb çıxanları da olub. Amma öz bəd əməllərindən əl çəkməyiblər. Belə adamları tərbiyə etməyin tək yolu yasaqdır.
Belə bir təklifi səsləndirən adam özünü o parazitlərin hədəfinə gətirmiş olmazmı? Olar. Ona görə də üstümə gəlirlər. Gəlsinlər. Biz onlardan heç vaxt çəkinmədik, yenə də çəkinən deyilik. Onlar kim, biz kim?
Digər təklifimiz də odur ki, jurnalistlər hədiyyə almaqdan imtina etsinlər. Söhbət çörəyi jurnalistikadan çıxan, həqiqətən də informasiya yaymaqla məşğul olan şəxslər və onların redaksiyalarından gedir. Yəni informasiyasını yaydıqları subyektlər onlara hədiyyə verirsə, bu o deməkdir ki, arada bir şirnikləndirmə var. Ona görə də belə hədiyyədən çəkinmək lazımdır.
Yeri gəlmişkən, biz jurnalistlər tez-tez şagirdindən (onun ata-anasından) hədiyyə alan müəllimləri topa tuturuq. Düz edirik. Müəllim ondan asılı olan şagirddən hədiyyə-bəxşiş gözləməməlidir. Bəs onda niyə özümüz jurnalist olaraq kimdənsə hədiyyə gözləyirik? Yaxud niyə biz hədiyyə alanda normal olmalıdır, müəllim alanda isə anormal?
Hədiyyə yalnız yaxın qohumlar və bir-birindən işinə görə asılı olmayan adamlar arasında normal qəbul edilməlidir. Yoxsa hansısa işimizin keçdiyi adama ikidə bir hədiyyə veririksə, bu, rüşvətdir, satınalmadır. Ona görə də biz deyirik ki, jurnalistlər özlərini belə satmasınlar.
Bu iki məqamla bağlı fikirlərimiz reketləri üzərimizə gəlməyə həvəsləndirib. Niyə? Ona görə ki, onlar məhz bu sui-istifadə hesabına meydandadırlar. Bizim təkliflərimiz keçsə və onlardan normal jurnalist fəaliyyəti tələb edilsə, heç bir iş görə bilməyəcəklər. Çünki bu zümrədən olan parazitlar 3-5 cümləni belə ard-arda düz-əməlli yaza bilmirlər. Belə adamlar keyfiyyətli – gerçək jurnalistika hesabına ayaqda qala bilərlərmi? Əsla!
Yeri gəlmişkən, bu parazitlər bizim geniş dəstək görmədiyimizi iddia edirlər. Sosial mediada etdiyimiz paylaşımları az izləyicinin bəyəndiyini əsas gətirirlər. İndi biz bunlara necə izah edək ki, abırlı abrından susar, abırsız da elə bilər susdurdu? Bizi izləyənlər abırlı adamlardır və məhz bu cür abırsızlarla çənə-boğaz olmamaq üçün bizim bəzən ciddi müzakirəyə səbəb olacaq paylaşımlarımıza münasibət bildirməkdən çəkinirlər. Biz də onlara anlayışla yanaşırıq. Hamı Azər Həsrət olub sinəsini qabağa verəsi deyil ki…
Sonda: Bu parazitlərin acığına Prezident İlham Əliyevlə çəkdirdiyimiz şəkli də yazıya əlavə edirəm. Haydı, narazılığınız varsa sözünüzü siyasətini “dəstəklədiyiniz” Prezidentə deyin.