Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxanada tammətnli elektron bazaların sayı artırılır

Bayraqdar.info – AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əməkdaşlıq çərçivəsində Yaponiyanın Riyaziyyat Cəmiyyəti ilə əlaqələri uğurla davam etdirir. Təşkilatla qarşılıqlı mübadilə nəticəsində hər iki qurumun profilinə uyğun kitab mübadiləsi aparılaraq fondları elmi ədəbiyyatlarla zənginləşdirilir.

Bu barədə bayraqdar.info-ya MEK-dən məlumat verilib.

Bildirilib ki, nəticədə riyaziyyat sahəsi üzrə tədqiqat işləri aparan alimlər, mütəxəssislər bu nəşrlərdən öz elmi əsərlərində yararlanmaq imkanı əldə edirlər.

“Hazırda MEK tərəfindən Yaponiyanın Riyaziyyat Cəmiyyətinə məxsus 13 elmi jurnalın yapon və ingilis dillərində tam mətnli elektron bazalarında əlçatanlıq imkanı yaranıb. Hər bir nəşrdə 2000-ci ildən 2021-ci ilə qədər olan nömrələr toplanıb. Bəzi nəşrlərin 1930-cu, 1960-cı və 1970-ci illərə aid arxiv nömrələri də yer alıb. İstifadəçilər zaman və məkandan asılı olmayaraq sözügedən elektron elmi jurnalların tam mətnindən istifadə edərək öz araşdırmalarını davam etdirə bilərlər”, – deyə məlumatda bildirilir.

MEK-dən qeyd edilir ki, elektron bazadan tam mətnləri yükləmək, Google Scholar Web ilə məqalələrinə hansı mənbələrdən istinad edildiyini yoxlamaq, həmçinin, zaman, qrafik və bir neçə istinad metriklərini hesablamaq mümkündür.

İstifadəçilər elektron nəşrlərin tam mətnindən MEK-in saytında e-kitabxana bölməsinin e-beynəlxalq resurslar alt bölməsinə keçid edərək yararlana bilərlər.

Mission News Theme by Compete Themes.