Bayraqdar.info – Güney Azərbaycanın Təbriz şəhərində İctimai İaşə Obyektlərinə Nəzarət Departamenti Abbasi küçəsində yerləşən çay evində Məşrutə inqilabı qəhrəmanları – Səttarxan və Bağirxanın portretlərinin ləğvini tələb edib.
Buna etiraz edən çay evi yiyəsini Departamentin məmurları iş yerini plomblayacaqları ilə hədələyiblər.
Obyekt yiyəsi bundan sonra hər iki şəxsiyyətin rəsmlərinin üzərini ağ boya ilə örtməyə məcbur olub.
Bundan öncə iyun ayının sonlarında məşrutə hərəkatının liderlərindən, Azərbaycanlı qəhrəman Bağır xanın adı Tehranda metro stansiyası üzərindən götürülüb.
Tehran Şəhər Şurasının Keçid və İctimai yerlərin adlandırılması üzrə komissiyasının başçısı Məhəmməd Cavad Həqşünas deyib ki, Çəmran prospektində yerləşən Bağır xan adına metro stansiyası bundan sonra “Modafeane Səlamət” (sağlamlıq müdafiəçiləri) adlandırılacaq.
Qeyd edək ki, son aylar İranın bir sıra bölgələrində, özəlliklə Tehran və İsfahan şəhərlərində az sayda qalan türkcə yer və küçə adlarının dəyişdirilməsi sürətlənib.
Tehran və İsfahanda adı dəyişdirilən yer və küçələrin bir neçəsinə erməni adları verilib.
Qaynaq: GünAz.TV