Press "Enter" to skip to content

Bakıda yerləşən peşə təhsili müəssisələri ilə birgə dəyirmi masa

Bayraqdar.info – Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) özəl sektor nümayəndələrilə dəyirmi masaların təşkilini davam etdirir. Bu silsilədən növbəti dəyirmi masalar Bakıda yerləşən peşə təhsili müəssisələri ilə birgə təşkil edilib.

Bu barədə bayraqdar.info-ya iyulun 17-də BMTİP-nin Azərbaycan ofisindən məlumat verilib.

Dəyirmi masaların keçirilməsində məqsəd ölkədəki özəl sektor şirkətlərilə daha sıx əlaqələr qurmaq, onları peşə təhsilinin müasirləşdirilməsi proseslərinə yaxından cəlb etməkdir.

Sayca dördüncü tədbir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) və Rabitə və İnformasiya Texnologiyaları üzrə BDPTM-lə birgə keçirilib. Beşinci tədbir isə Turizm və Sosial Xidmətlər üzrə BDPTM və Mədəniyyət və Sənətkarlıq üzrə BDPTM-lə birgə təşkil edilib.

Tədbirlərdə texnologiya və mühəndislik, nəqliyyat, tekstil və mebel sənayesi, multimedia istehsalı üzrə ixtisaslaşmış şirkətlər, TV təmsilşiləri, həmçinin peşə təhsili və təlimi (PTT) üzrə mütəxəssislər, mövzu ilə əlaqədar tədqiqat qrupu bir araya gəlib.

İştirakçılar peşə təhsili sistemində hazırda gedən fəaliyyətlər barədə ətraflı məlumat alıblar. Həmçinin iş əsaslı öyrənmə və təcrübə proqramları, karyera mərkəzlərinin yaradılması, eləcə də PTT mərkəzlərilə digər mümkün tərəfdaşlıq perspektivləri haqda müzakirələr aparılıb.

Sözügedən tədbirlər çərçivəsində özəl sektor nümayəndələri mövcud bazarın tələblərini paylaşıb və PTT sektorunun müasirləşdirilməsi fəaliyyətlərində iştirak etmək üçün öz gözləntilərini bildiriblər.

Dəyirmi masa tədbirləri, “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihə Aİ tərəfindən maliyyələşdirilir və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.

Bildirlib ki, layihə səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaq üçün Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə xidmət edir. Məqsəd, peşə təhsilinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini artırmağa yardım etməkdir.

Sözügedən silsilə görüşlər iyul ayının sonuna qədər davam edəcək.

Mission News Theme by Compete Themes.