Sosial mediada gözümə dəydi, öz başıma gəldiyi üçün üstündən keçə bilmədim. Müsavat Partiyasının başqanı Arif Hacılıq belə bir paylaşım edib: “Asim Mollazadə bura qədər uzun bir yol keçmişdi. Erkin Qədirli çox tez çatdı”.
Bu paylaşıma səbəb REAL Partiyasının Milli Məclisdəki tək üzvü, əlavə olaraq mənim də az-çox dəyər verdiyim, doğrudan da normal bir insan olan E.Qədirlinin ulu öndər Heydər Əliyevin heykəli önündə şəkil çəkdirməsidir. A.Hacılı bunun bir müxalifətçiyə yaraşmadığı iddiasındadır. Yəni onun kimi düşünən insanlara görə, müxalif kəslər H.Əliyevin heykəlindən belə məsafəli davranmalıdır…
A.Hacılının bu yanaşması yadıma bir hadisəni saldı. Mən də bənzər durumla üzləşmişəm illər öncə. Özü də qardaş Türkiyədə. Yazıram, maraqlı olaydır.
İllər öncəydi. Hakimiyyət tənqid edən vaxtlarımdı. Türkiyədəki dostlar da bunu bilirdi. Bir dəfə Bursaya getmişdim. Sağ olsunlar, başıma dolanırdı Türkiyədəki qardaşlar. Söz arası mənə dedilər ki, burada Uludağın yamacında bir Azərbaycan parkı var. Gözəl yerdir. Bəlkə səni ora aparaq? Dedim, əlbəttə aparın. Mütləq.
Nə isə, düşdük yola, gəldik parka. Olduqca gözəl, yamyaşıl, tərtəmiz cənnət bir yerdir. Girişin ardından dərhal gözümə H.Əliyevin büstü dəydi. Baxdım və sevindim. Dostlara dedim ki, bunun önündə gözəl bir şəkil çəkdirək. Sonra da məni ayrıca çəkin. Üzümə baxdılar, heyrət etdilər. Dedilər ki, axı sən H.Əliyevə, eyni zamanda İlham Əliyevə müxalifsən?
İzah etdim. Dedim ki, mən dövlətimi idarə edənlərə müxalif ola bilərəm. Onları tənqid də edə bilərəm. Lakin bu, ölkəmdən kənarda olarkən həm dövlətimin, həm də onu idarə edənlərin adıyla bağlı bir yerdə bir heykəl önündə şəkil çəkdirməyimi əngəlləməz. Çünki tənqid etsəm belə o mənim dövlətimdir, burada büstü olan lider də mənim dövlətimin böyük siyasi xadimidir.
Dostlar bir qədər də təəccüb etdilər və sonra bir-birilərinə baxıb, “adam düz deyir” dedilər. Hələ əlavə də etdilər ki, “biz belə dövlətçi ola bilmədiyimiz üçün başımıza gəlməyən bəla qalmır”.
Sözümün canı odur ki, bir siyasətçi, ictimai xadim, jurnalist və ya istənilən şəxs H.Əliyevə də, İ.Əliyevə də tənqidi yanaşa – müxalif ola bilər. Lakin bu, hansısa heyət tərkibində onların heykəlləri və ya özlərilə şəkil çəkdirməyə əngəl təşkil etməməlidir.
Ümumiyyətlə isə şəxsən mənimsədiyim siyasi etika – etiketə görə hətta ən qatı əleyhdarın belə heykəli önündə şəkil çəkdirmək tam normaldır. Əgər həmin əleyhdar həyatdadırsa, hətta onunla oturub çay içmək də olar. Burada əcaib, qorxunc və qeyri-adi heç nə yoxdur.
Bir insan hansısa liderin heykəli önündə şəkil çəkdirdi deyə siyasi mövqeyindən döndü demək deyil ki. Ümumiyyətlə belə düşünmək və yanaşmaq normal bir şey deyil. O baxımdan A.Hacılının E.Qədirlini belə tənqid etməsi məqbul sayıla bilməz.
E.Qədirlinin belə tənqid olunması həm də ona görə məqbul sayıla bilməz ki, onun A.Hacılı və partiyası qarşısında hər hansı öhdəliyi yoxdur. Ümumiyyətlə isə E.Qədirlinin A.Hacılının siyasi kursuna dəxli yoxdur. Belə olan halda da Müsavat başqanı bu məsələdə tərəfsiz-ilgisiz davranmalıydı. Yəni biz belə düşünürük və belə də edərdik.
Yeri gəlmişkən, şəxsən mənim H.Əliyevin heykəli önündə şəklim var. Eyni zamanda Əbülfəz Elçibəyin də heykəli önündə şəklim var. Ola bilər ki, bu, kiminsə xoşuna gəlməsin. Mümkündür. Lakin məni narahat etmir.
Dedik axı, biz insanların siyasi mövqeyindən asılı olmayaraq onlara tolerant yanaşmağı, özəlliklə də dünyasını dəyişmiş liderlərə sayğı göstərməyi ən düzgün yanaşma hesab edirik…