Press "Enter" to skip to content

Rezidenturaya qəbul imtahanına qeydiyyat başlanır

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Əsas tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı iyulun 16-dan 22-dək internet vasitəsi ilə aparılır.

Dövlət İmtahan Mərkəzindən iyulun 16-da bayraqdar.info-ya bildirilib ki, təkrar imtahanda iştirak etmək istəyən namizədlər “Şəxsi kabinet”lərinin hesabına 60 manat ödəniş etməlidirlər. Bundan sonra onlar Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) onun hesabına əlavə edirlər.

Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər də səhifəyə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər. Ərizəsini təsdiq etmiş namizədlər imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

DİM məlumat üçün qeyd edir ki, baza fənləri üzrə imtahanın 2-ci cəhdinin avqustun 4-də, ixtisas fənləri üzrə imtahanın isə sentyabr ayında keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə imtahana baza fənləri üzrə imtahandan “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılır.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

2020-ci ildə baza fənləri üzrə imtahandan “məqbul” nəticə əldə etmiş, lakin 26 may – 4 iyun tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də bu imtahanda iştirak edə bilərlər. Onların ərizələri iyulun 16-dan 22-dək qəbul ediləcək.

DİM bildirir ki, baza fənləri üzrə imtahana əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılır. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə imtahandan “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri imtahanına yalnız əsas ali tibb təhsilini tam bitirdikdən sonra buraxılacaq.

Baza fənləri üzrə imtahandan “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

Mission News Theme by Compete Themes.