Press "Enter" to skip to content

Nazirlikdən fermerlərə təsərrüfatların sığortalanması üçün müraciət – VİDEO

Son yeniləmə: 18 Noyabr 2021 13:05

Bayraqdar.info – “Son dövrlər ölkənin müxtəlif ərazilərində açıq sahələrdə baş verən yanğınlar əkin sahələrinə də zərər verib. Artıq yanğınların əkin sahələrinə vurduğu zərərlə bağlı Aqrar Sığorta Fonduna müraciətlər başlanıb. İlkin müraciətlər Samux və Hacıqabul rayonlarında sığortalanmış taxıl sahələri ilə bağlıdır. Bundan başqa, İsmayıllıda dolu vurması nəticəsində üzüm bağına dəyən zərərlə bağlı Fonda müraciət daxil olub. Hazırda daxil olan müraciətlər Aqrar Sığorta Fondunda araşdırılır, müstəqil ekspertlər tərəfindən sahələrə baxış keçirilir, dəyən zərərin həcmi müəyyənləşdirilir. Müvafiq prosedurlar tamamlandıqdan sonra həmin hadisələrlə bağlı ödənişlərin verilməsi nəzərdə tutulur.”

Kənd Təsərrüfatı Nazirliyindən iyulun 16-da bayraqdar.info-ya verilən məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, Fond bir daha fermerlərin nəzərinə çatdırır ki, sığortalı əkin sahələrində istənilən səbəbdən baş verən yanğın sığorta hadisəsi sayılır. Yanğın hadisəsi nəticəsində dəyən zərərin həcminə uyğun olaraq sığorta ödənişi həyata keçiriləcək.

Fond fermerlərin diqqətinə çatdırır ki, baş verən yanğınları və təbiət hadisələrini, onların nəticəsində təsərrüfatlarına dəyən zərəri nəzərə alaraq öz əkin sahələrini vaxtında sığortalasınlar. “Müşahidələr göstərir ki, yanğınlar və təbiət hadisələri ehtimalı yüksək olan riskilərdir və fermerlərin təsərrüfatlarına böyük zərər vuraraq onları gəlirdən məhrum edə bilər. Aqrar sahədə çalışan iş adamları və fermerlərin belə hallarla üzləşməməsi, məhsullarını, gəlirlərini və investisiyalarını itirməməsi üçün Fond onları öz təsərrüfatlarını, payızlıq əkin sahələrini sığortalamağa dəvət edir”, – deyə məlumatda qeyd edilir.

Nazirlikdən o da vurğulanır ki, fermerlər payızlıq əkinlərin sığortalanmasına artıq avqustun sonundan başlayaraq müraciət edə bilərlər. Bunun üçün Aqrar Sığorta Fondu (telefon: 1651), aqrar sığorta sistemində təmsil olunan sığorta şirkətləri, eləcə də, rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etmək kifayətdir.

Məlumatda qeyd edilib ki, hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahəsini (o cümlədən taxıl, qarğıdalı və pambıq), kənd təsərrüfatı heyvanlarını (südlük inəkləri) və akvakultura məhsullarını (balıqçılıq təsərrüfatlarını) sığortalamaq mümkündür.

Fermerlər və iş adamları öz əkin sahələrinin sığortalanması üçün tələb olunan sığorta haqlarını Fondun rəsmi internet səhifəsindəki aqrar sığorta kalkulyatoru vasitəsilə müstəqil şəkildə sığortalaya bilərlər.

Mission News Theme by Compete Themes.