Bayraqdar.info – Azərbaycan Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri bu gün Kuzey Kıbrıs Türl Cümhuriyyətinə səfər edir.
Bu barədə iyulun 16-da bayraqdar.info-ya KKTC-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Qeyd edilib ki, iyulun 15-də KKTC Cümhuriyyət Məclisinin Hüquq, siyasi işlər və xarici əlaqələr Komitəsi, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsi və Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Türkiyədə işçi yeməyində bir araya gəlib.
Türkiyə Böyük Millət Məclisində keçirilən görüşə Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qrupu rəhbərləri, həmçinin KKTC və Türkiyə parlamentlərarası dostluq qrupu başçıları da qatılıb.
Bildirilib ki, TBMM Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç Azərbaycan nümayəndə heyətinin 20 Temmuz Barış Hərəkatının 47-ci ildönmü çərçivəsində KKTC-yə səfər edəcəyini deyib.
Məlumatda vurğulanır ki, A.Ç.Kılıç, nümayəndə heyətinin Azərbaycan Milli Məclisini təmsilən KKTC-də olacağını və bütün dünyaya Azərbaycanın KKTC-nin yanında olduğu mesajının veriləcəyini deyib.
KKTC Cümhuriyyət Məclisinin Hüquq, siyasi işlər və xarici əlaqələr komitəsinin sədri Yasemi Öztürk “Azərbaycanlı qardaşlarımızı qəbul etməkdən çox məmnun olacağıq” deyə bildirib.
Məlumatda daha sonra deyilir: “Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın ikili standartlardan qurtulduğunu və Kuzey Kıbrısın da bu ikili standartlardan qurtulmasını arzu etdiklərini bildirib. “Bizi ayırmaq mümkün deyil” deyən S.Seyidov, iqtidar, müxalif və müstəqil millət vəkillərindən ibarət nümyəndə heyətinin KKTC-yə gedəcəyini xatırladıb”.