Press "Enter" to skip to content

Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşasına başlanılıb

Bayraqdar.info – Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolu boyunca tunellərin inşasına başlanılıb.

Bu barədə xəbər iyulun 16-da Avtomobil Yolları Dövlət Agentliyindən bayraqdar.info-ya verilib.

Xəbərdə bildirilir ki, yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək. Bundan başqa yeni tras üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulub.

Prezident İ.Əliyev tərəfindən iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yolboyu ümumilikdə 7 tunel tikilir. İnşasına başlanılan tunellərin ümumi uzunluğu təqribən 6.3 km olacaq.

Xəbərdə deyilir ki, tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 m enində olacaq. Uzunluqları 360 – 3 min 300 m arası olacaq tunellərin giriş hissəsində aparılan işlər artıq tamamlanıb. Hazırda qazma, partlatma və qırıcı üsulları ilə tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir.

Layihə çərçivəsində, həmçinin yolboyu müxtəlif hissələrdə 9 viadukun inşası nəzərdə tutulub ki, artıq bu istiqamətdə də işlər başlayıb. Bundan başqa yolda 59 suötürücü borunun, zəruri yerlərdə isə 10 yeraltı keçidin tikintisi də layihə üzrə nəzərdə tutulmuş işlərdir.

AAYDA qeyd edir ki, 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin, məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 m təşkil edəcək.

Sözügedən avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu yolun tikintisini AAYDA, “AZVİRT” MMC və Türkiyənin “Kolin İnşaat” şirkətləri inşa edir.

Artıq yolun 0-3, 34-37 və 51-53-cü km hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti hissələrdə bu istiqamətdə işlər davam etdirilir. Hazırda yolun 17-42 və 51-84-cü km hissələrində torpaq, qazma işləri aparılır. Bununla yanaşı layihə çərçivəsində yolun 49-cu km hissəsində inşası nəzərdə tutulan körpünün də tikintisinə başlanılıb. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

AAYDA-dan bildirilir ki, başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən bu yolun inşasının 2022-ci il ərzində tamamlanması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.