Press "Enter" to skip to content

Əfqanıstan Azərbaycanla hərbi əməkdaşlıqdan məmnundur

Son yeniləmə: 15 İyul 2021 23:19

Bayraqdar.info – İyulun 15-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ilə görüşüb.

Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görəcəyi işlərdə ona uğurlar arzulayıb.

Xəbər iyulun 15-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, nazir Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edib.

Z.Həsənov Azərbaycan ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin tapşırığı ilə Əfqanıstana nəqliyyat və logistika dəstəyinin verildiyini də nəzərə çatdırıb. Daha sonra Azərbaycanın NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə yardımı ilə də töhfə verdiyini qeyd edib.

Azərbaycanın ərazi bütövlüyü məsələsində Əfqanıstanın hər zaman açıq mövqe nümayiş etdirdiyini qeyd edən müdafiə naziri qardaş Əfqanıstan xalqına təşəkkürünü bildirib.

Xəbərdə bildirilir ki, Azərbaycanda səfir fəaliyyətinə başlamasından məmnunluğunu ifadə edən A.Ceyhun Azərbaycan-Əfqanıstan əlaqələrinin, xüsusilə də hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Vətən müharibəsində qazanılan qələbə münasibətilə xalqımızı təbrik edən A.Ceyhun, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Ölkələrimizin hər zaman müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəklədiklərini diqqətə çatdıran səfir A.Ceyhun Əfqanıstanda həyata keçirilən sülhməramlı missiyaya Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Səfir Prezident İ.Əliyevin tapşırığı ilə Azərbaycan və Əfqanıstan Müdafiə nazirlikləri arasında imzalanan sazişə əsasən, əfqanıstanlı hərbi qulluqçuların Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində təhsil almalarının əhəmiyyətini vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Həmçinin, regional təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.