Press "Enter" to skip to content

Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun tikintisi davam edir

Bayraqdar.info – İşğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun çəkilişləri davam edir. Bu yol başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu, Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39.7 km-dir.

Bayraqdar.info-ya iyulun 15-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumatda deyilir ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Layihənin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulur. Yol tikintisini Azərbaycan “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə yol tikintisi sahəsində ixtisaslaşmış yerli subpodratçı şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

“Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri aparılır. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri aparılır. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. İnşa edilən yolun hərəkət hissəsi 14 metr, çiyinlər isə 2×1,5 metr təşkil edəcək.

“Həmçinin tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də paralel olaraq aparılır”, – deyə AAYDA-dan bildirilir.

O da qeyd edilir ki, yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədi ilə 38 dairəvi və 7 düzbucaqlı su ötürücü, yolun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində olmaqla 6 yeni avtomobil körpüsü inşa edilir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Həm də tikiləcək yolun ətraf mühitə, o cümlədən, faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yerdə yolaltı keçidlərin tikintisi aparılır.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgənin inşası artıq bitmək üzrədir. Düşərgədə Asfalt-Beton Zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

Yolun tikintisi işinə Prezidentin Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının rəisi, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Mission News Theme by Compete Themes.