Press "Enter" to skip to content

“Salam Azərbaycan” və “Şəki – gözəlliyin sehri” kitablarının təqdimatı

Bayraqdar.info – İyulun 14-də “Baku Marriott Boulevard Hotel”də “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” adlı kitabların təqdimat mərasimi keçirilib. Yeni nəşrlər Mədəniyyət Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS” layihəsi çərçivəsində ərsəyə gəlib.

Məlumat iyulun 15-də bayraqdar.nfo-ya Mədəniyyət Nazirliyindən verilib.

Məlumatda bildirilir ki, mədəniyyət naziri Anar Kərimov “İRS” layihəsinin Azərbaycan mədəni mirasının dünyaya tanıdılmasına böyük töhfələr verdiyini bildirib.

“Təqdimatına toplaşdığımız “Salam, Azərbaycan!” kitabı ölkəmiz haqqında özündə o qədər müfəssəl məlumatı ehtiva edir ki, onu Azərbaycanın bələdçi kitabı da adlandırmaq olar. Bu nəşrdə xalqımızın adət-ənənəsi, tarixi abidələri, mədəniyyəti, fauna və florası, mətbəxi və ölkəmizin uğurlu inkişafı öz əksini tapıb. Ümid edirik ki, bu cür layihələrin də təsiri ilə Azərbaycana daha çox turist gələcək”, – deyə nazir bildirib.

“Şəki – gözəlliyin sehri” kitabı haqqında da söz açan A.Kərimov qeyd edib ki, nəşr Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Şəki şəhəri barədə dolğun məlumatları özündə əks etdirir.

Mədəni irsin bərpasına, mühafizəsinə dövlət səviyyəsində göstərilən diqqəti nəzərə çatdıran nazir bildirib ki, son illər bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilib. Bu layihələrin böyük bir qismi Prezident İlham Əliyevin qayğısı nəticəsində reallaşdırılıb: “Məhz bu qayğının məntiqi davamı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi 2019-cu ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Ümid edirik ki, azad edilən ərazilərdəki mədəni irs nümunələri və tarixi abidələr haqqında da gələcəkdə kitablar nəşr olunacaq. Bu barədə artıq “İRS” jurnalı ilə danışıqlar aparılır”.

Çıxışının sonunda nazir kitabların ərsəyə gəlməsində əməyi keçən redaksiya heyətinə minnətdarlığını bildirib, yaradıcılıq uğurları arzulayıb.

Daha sonra çıxış edən “İRS Publishing House” nəşriyyatının əməkdaşı İan Peart bildirib ki, səkkiz ilə yaxındır “İRS” jurnalı ilə əməkdaşlıq edir. O, qeyd edib ki, gələcəkdə jurnalın nəşrlərinin birində işğaldan azad olunmuş Qarabağ torpağı haqqında məqalə yazmağı qarşısına məqsəd qoyub.

Sonda tədbir bədii hissə ilə davam edib.

Mission News Theme by Compete Themes.