Press "Enter" to skip to content

Şəhid övladları üçün “YAŞAT” düşərgəsi davam edir

Son yeniləmə: 15 İyul 2021 13:05

Bayraqdar.info – “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi davam edir.

Bu barədə iyulun 15-də bayraqdar.info-ya “ASAN Xidmət”dən bildirilib.

Qeyd olunub ki, düşərgənin üçüncü günündə səhər idmanının ardından iştirakçılar üçün fərdi psixoloji konsultasiya təşkil olunub.

Sonra yaradıcı intellekt müsabiqəsi – “Spagetti körpüsünün qurulması” yarışı təşkil olunub. Yarış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Uşaqlar, həmçinin yunan-roma güləşi üzrə Dünya çempionu, Birinci Avropa Oyunlarının qalibi və Olimpiya mükafatçısı Rəsul Çunayevlə görüşüb, xoş idman vaxtı keçiriblər.

Düşərgə çərçivəsində Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı və musiqili əyləncə saatı da təşkil olunub.

Düşərgə müddətində tərəfdaş qurumlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Xatırladaq ki, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar təşkil ediləcək. Həmçinin uşaqlarla psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Düşərgənin media dəstəkçiləri Az.TV, İTV və ASAN Radiodur.

Mission News Theme by Compete Themes.