Bayraqdar.info – Medianın İnkişafı Agentliyi (MEDİA) iyulun 15-dən etibarən yeni ofisə köçüb. Bu haqda xəbəri MEDİA-dan veriblər.
Xəbərdə qeyd edilir ki, yeni ofisə köçməkdən məqsəd “media subyektləri və jurnalistlərlə əlaqələrin daha səmərəli və asan qurulması, jurnalistlərin qəbulunun müasir standartlara uyğun həyata keçirilməsi, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına şərait yaradılması”dır.
Qurumdan bildiriblər yeni ofis Bakının Yasamal rayonunda, Zahid Xəlilov küçəsi 36 ünvanında yerləşir.
“Bununla əlaqədar olaraq hazırda “Dövlət satınalmaları haqqında” Qanuna əsasən icarə xidmətinin, mebel və digər təsərrüfat inventarlarının, telekommunikasiya və şəbəkə sisteminin qurulması üçün zəruri olan sistem və avadanlıqların satınalınması həyata keçirilməkdədir”, – deyə xəbərdə bildirilir.
Daha sonra bildirilir ki, “qeyd olunan tədbirlərin həyata keçirilməsi yekunlaşdırıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmış MEDİA Agentliyi eyni məsuliyyət və peşəkarlıqla üzərinə düşən vəzifə və öhdəliklərinin icrasını yeni inzibati binasında davam etdirəcəkdir”.
Əlavə edək ki, MEDİA bu günədək öz sələfi KİV DF-nin uzun illər fəaliyyət göstərdiyi Beynəlxalq Mətbuat Mərkəzində fəaliyyət göstərir. Qurum işini daha səmərəli qurmaq üçün yeni və daha əlverişli binaya yerləşməyi uyğun görüb.
Onu da qeyd edək ki, MEDİA qısa müddətli fəaliyyəti dövründə yetərincə fəal olması, özəlliklə də cəmiyyətə açıqlığı və əlçatanlığıyla sələfindən ciddi şəkildə fərqlənir.