Press "Enter" to skip to content

ABŞ Dövlət katibi Ermənistanı üzəcək ifadələr işlətdi

ABŞ Dövlət Departamenti

Son yeniləmə: 15 İyul 2021 09:34

Bayraqdar.info – ABŞ Dövlət Departamenti iyulun 14-də Dövlət katibi Entoni Blinkenin Ermənistanın fəaliyyətdə olan Baş naziri Nikol Paşinyanla telefon danışığı haqqında xəbər yayıb.

Bayraqdar.info-ya Dövlət Departamentindən daxil olan xəbərdə deyilir ki, danışıq bir gün öncə – yəni iyulun 13-də olub. Dövlət katibi iyunun 20-də keçirilmiş seçkilərin nəticələri ilə bağlı erməni xalqını təbrik edib. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiyə verdiyi qiyməti paylaşdıqlarını deyib. E.Blinken əlavə edib ki, demokratik islahatlar davam etdirilməlidir.

Dövlət katibi eyni zamanda ATƏT-in Minsk Qrupuna ABŞ-ın dəstəyini də ifadə edib. O, bildirib ki, qalıcı sülhün əldə edilməsi üçün çalışmalar davam etməlidir.

Dövlət katibi Ermənistanı ATƏT çərçivəsində “konstruktiv fəaliyyəti davam etdirməyə həvəsləndirib”.

Sonda E.Blinken erməni məhbusların Azərbaycandan Ermənistana qaytarılmasına dəstəyini bir daha dilə gətirib.

Maraqlıdır ki, ABŞ dövlət katibi N.Paşinyanla bu telefon danışığında olduqca ehtiyatlı ifadələrdən istifadə edib.

Birincisi, Ermənistanın ATƏT çərçivəsində konstruktiv fəaliyyəti davam etdirməsilə bağlı “həvəsləndirmə”dir. Yəni E.Blinken bu ifadələri seçməklə Ermənistana o ismarıcı verib ki, gərək olduğunda bu ölkə böyük güclərin təklif edəcəyi məsələlərdə hətta güzəştə getməyə hazır olmalıdır.

İkinci məsələ isə Ermənistanın bütün dünyaya “hərbi əsir” kimi sırımağa çalışdığı, Azərbaycanda tutulan erməni məhbuslardır. Göründüyü kimi, ABŞ Dövlət katibi onları “hərbi əsir” deyil, məhz “məhbuslar” adlandırır. Bununla da Ermənistana əlavə ismarıc verilir ki, gərəksiz və əsassız yerə hay-küy salmaqdan çəkinsin.

Mission News Theme by Compete Themes.