Bayraqdar.info – Bu gün 15 iyuldur. Bəlkə də əksər xalqlar üçün təqvimdə sıradan bir gündür 15 iyul. Lakin artıq beş ildir ki, Türkiyə dövləti və xalqı, eləcə də onun dostları üçün 15 iyul həm qanlı, həm də şanlı bir tarixdir.
Qanlı ona görə ki, düz beş il əvvəl, 2016-cı il iyulun 15-də Fetullahçı Terör Örgütü (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhd göstərdi. Həmin müdhiş gecədə Türkiyənin xarici düşmənlərindən “vur, öldür, zəbt et” əmri alan daxili düşmənləri günahsız insanların qanını tökdü.
Şanlı ona görə ki, İstiqlal savaşından sonra Türkiyə xalqı yenidən 7-dən 77-yə ayağa qalxaraq dövlətini, qanuni hakimiyyətini qorudu. Bununla da yenidən dünya tarixinə öz adını qızıl hərflərlə yazdı!
Türkiyə keçilməz!
Bəli, düz 5 il əvvəl, 2016-cı il iyulun 15-də baş verənlər Türkiyə ilə yanaşı, bütün türk dünyasında narahatlıq və həyəcanla qarşılandı. İllər boyu addım-addım dövlətin içində özünə yuva quran bu terror təşkilatı həmin gecə Türkiyədə qanuni hakimiyyəti devirmək üçün silaha əl atdı, qan tökdü. Türkiyə dövlətini ələ keçirmək üçün hazırlanan bu qanlı planın icra edilməsinə cəhd də gecə saatlarında oldu. Necə deyərlər, xeyirlə şərin, qaranlıqla işiğın savaşı başladı. Amma xainlər və onların xaricdəki ağaları istəklərinə nail ola bilmədilər.
Həmin gecə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın çağırışına cavab verən xalq Cümhuriyyətini qorumaq üçün küçə və meydanlara axışdı. Tankların üzərinə belə qorxmadan, əliyalın yürüyən Türkiyə xalqı FETÖ-nün dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı. Və bir zamanlar “Çanaqqala keçilməz!” deyənlərin nəvə və nəticələri bu dəfə də bütün dünyaya “Türkiyə keçilməz!” deyə hayqırdılar. Dünya bir daha gördü ki, Türkiyə dövləti və xalqı demokratiyaya sadiqdir. Dünya bir daha əmin oldu ki, mövzu Vətən, torpaq, dövlət olanda bu xalqın qarşısını heç bir qüvvə ala bilməz.
Beləliklə, beş il öncə o dəhşətli gecədə 251 şəhid verən Türkiyə xalqı İstiqlal Savaşından sonra növbəti dəfə qəhrəmanlıq dastanı yazdı.
Elə bir dastan ki, onun işiğında bundan sonra neçə-neçə uğurlar qazanılacaq.
Elə bir dastan ki, onu öz qanları ilə yazanlar, həm də Türk İslam aləmini gələcək bəlalardan da qurtarmış oldular.
Elə bir dastan ki, onu yazanlar indiyə kimi görünməmiş, qorxunc, daxili düşmənə qalib gəldilər.
Parazit kimi dövləti içindən yeyən zombiləşmiş şəbəkə
Qorxunc daxili düşmən sözünü təsadüfən işlətmədik. Çünki Türkiyə Cümhuriyyəti tarixində bu vaxta kimi bir çox çevrilişlər, yaxud da hökumətlərin zorla istefaya göndərilməsi halları olub. O zamanlar prosesi həyata keçirənlərin rəngi, məqsədi, məramı bəlli olub. Deyək ki, həyata keçirilən siyasətdən narazı olan hərbçilər hökuməti devirib, öz istədikləri düzəni yaradıblar. Yəni bu çevrilişlərin, necə deyərlər, “proseduru” oxşar olub. Ya yuxarıdan aşağıya, yəni əmr-komuta zənciri içərisində, yaxud da xuntaçı bir qurumun üsyanı nəticəsində reallaşıb.
15 iyul dövlət çevrilişinə cəhd isə tamamilə fərqlənib. Həm həyata keçirilmə şəkli, həm də buna cəhd edənlərin kimliyi baxımından. Çünki bu çevrilişə cəhd edənlər daha qorxunc ssenarı əsasında hərəkət edib.
Uzun illər dövlətin içində “yuva qurmuş”, dövlətin bütün qurumlarına sızmış bu xainlər bir növ parazit kimi hərəkət ediblər. Yəni dövlətin vətəndaşları kimi bütün məqamlarda yerləşib, onun imkanlarından yararlanıb və dövləti işindən yeməyə başlayıblar. Sonda isə parazit kimi qanını içdikləri dövləti birdəfəlik ələ keçirməyə cəhd göstəriblər.
Lakin bu məqamda üzərində dayanılması vacib olan bir nüans var. O da bu parazitlərin dövləti bütövlükdə ələ keçirmək istəkləri ilə bağlıdır. Belə ki, bu istək onların deyil, xarici güclərin iradəsinin nəticəsi kimi ortaya çıxıb. Çünki bu parazitləri zaman-zaman yetişdirib dövlətin içinə soxanlar FETÖ daxilində itaət sistemi formalaşdırblar. Elə bir itaət sistemi ki, burada heç bir ülvi dəyər nəzərə alınmayıb. Məsələn, qos-qocaman general rütbəsi daşıyanlar yeri gələndə hansısa kiçik rütbəli bir zabitin “otur-dur” əmrini tərəddüdsüz icra ediblər.
Göründüyü kimi, FETÖ-də cəm olanlar verilən əmri yerinə yetirmək üçün hər şeyə hazır olublar. Bu baxımdan FETÖ-nü parazit kimi dövləti içində yeyən zombiləşmiş şəbəkə də adlandırmaq olar. Məhz bu zombilər, manqurtlar 15 iyul gecəsində gözünü qırpmadan çörəyini yediyi dövləti və xalqı atəşə tutdu. Bax, yuxarıda “qorxunc daxili düşmən” deyəndə məhz bunu nəzərdə tuturduq.
Azərbaycan daha bir sınaqdan üzüağ çıxdı
Həmin gecə həm də dostun-düşmənin kimliyi də ortaya çıxdı bir daha. Türkiyənin gerçək dostları zaman itirmədən öz səslərini ucaltdılar, dəstəklərini bəyan etdilər. Təbii ki, bu məsələdə də ilk sırada Azərbaycan dayanırdı. Hadisələr barədə xəbər yayılandan dərhal sonra başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövləti və xalqı qəti mövqeyini ortaya qoydu. Bakıdan verilən istər rəsmi, istərsə də qeyri-rəsmi açıqlama, bəyanat və müsahibələrdə birmənalı olaraq Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayət qətiyyətlə pislənildi.
Beləliklə, Azərbaycan daha bir sınaqdan üzüağ çıxdı. Eyni zamanda bütün dünya bir daha “Bir millət – iki dövlət” fəlsəfəsinin mahiyyətini dərk etdi.
Qaranlıqdan aydınlığa, yaxud 15 iyuldan sonrakı Türkiyə
15 iyul həm də Türkiyə dövləti üçün bir dərs oldu. Və ötən beş il ərzində həm dövlət idarəçiliyi sistemində edilən köklü dəyişikliklər, həm müdafiə sənayesində əldə edilən uğurlar, həm qlobal və regional problemlərin həllində ortaya qoyulan qətiyyətli mövqe bu dərsdən yaxşı nəticə çıxarıldığını təsdiqləyir.
15 iyul gecəsi Türkiyədə hakimiyyətin devriləcəyini səbrsizliklə gözləyən xarici güclər bu gün gərgin nöqtələrdə öz uğursuzluqlaırnı məhz qardaş ölkənin yardımı ilə aradan qaldırmaq zorundadırlar.
15 iyulda Türkiyə dövlətini bütövlükdə ələ keçirəcəklərini düşünənlər bu gün Türkiyənin dövlət başçısının əlini sıxmaq üçün az qala növbəyə durublar.
Bir sözlə, dünya 15 iyuldan sonra Suriyada, İraqda, Qarabağda, Kıbrısda daha qətiyyətli Türkiyəni gördü. 15 iyul qaranlığını dələrək aydınlığa doğru inamla addımlayan Türkiyə bu gün öz missiyasını şərəflə davam etdirir.