Press "Enter" to skip to content

Turizm Təlim və Sertifikasiya Mərkəzindən təşəkkürnamələr

Bayraqdar.info – Azərbaycan Turizm Bürosunun nəzdindəki Turizm Təlim və Sertifikasiya Mərkəzinin (TTSM) 16 təlimçisinə təşəkkürnamələr təqdim olunub.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, təlimçilər komanda işi, yerli qastronomiyanın əsasları, turizm bələdçiləri üçün aktyorluq və digər mövzular üzrə təlimləri tədris ediblər. Təşəkkürnamələr Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zengstşmid tərəfindən təqdim edilib.

Qeyd edək ki, TTSM-in məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi üçün ixtisaslaşmış kadrlar hazırlamaq, sənaye nümayəndələrini təlimə cəlb etməklə ölkədə turizm haqqında məlumatlılığı artırmaqdır. Məqsəd həmçinin turizm sektorunda məşğulluğa töhfə və turizmin uzunmüddətli inkişafını təmin etməkdir.

Mərkəz iştirakçılara kurslarını bitirdikdən sonra təlimdə iştirak və ya praktiki bacarıqların inkişafı ilə bağlı sertifikatlar təqdim edir. Eləcə də onların əmək bazarında rəqabətə uyğunlaşmasına imkan yaradır.

TTSM tərəfindən indiyədək 444 iştirakçıya 28 təlim keçilib və onlardan 330 nəfər sertifikatla təltif olunub.

Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Azərbaycan Hotel Assosiasiyası (AHA), Amerika Hotel və Yerləşdirmə üzrə Təhsil İnstitutu (AHLEI), “JW Marriot Absheron” və “Abşeron Hotellər Qrupu” çıxış edir.

Mission News Theme by Compete Themes.