Bayraqdar.info – Azərbaycan qardaş Qırğızıstana 40 min dozalıq “AstraZeneca” vaksini göndərəcək.
Bu haqda xəbəri Qırğızıstan Xarici İşlər Nazirliyi yayıb.
Xəbərdə deyilir ki, vaksinin göndərilməsi Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayevin bu yaxınlarda Bakıya səfəri zamanı keçirdiyi görüşlərdə qərara alınıb. Azərbaycan vaksinləri humanitar yardım olaraq qardaş ölkəyə göndərəcək.
Qeyd edilir ki, hazırda tərəflər vaksinin daşınması və saxlanılmasıyla bağlı məsələlərin üzərində işləyir.
“Qırğız Respublikası Azərbaycan Respublikasına koronavirus vaksinini qarşılıqsız verdiyi üçün səmimi təşəkkürünü ifadə edir. Bu, 20 min Qırğızıstan vətəndaşının həyatını və təhlükəsizliyini təmin edəcək”, – deyə xəbərdə qeyd edilir.
Xəbərdə o da deyilir ki, Qırğızıstan və Azərbaycan xalqları çoxəsrlik dostluq ənənələrinə sadiq qalaraq hazırkı durumda da bir-biriləri ilə həmrəylik nümayiş etdirirlər.