Bayraqdar.info – “Almaniya Ukraynanın əsas tərəfdaşlarından biri olaraq qalır. Bu ölkə bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü davamlı şəkildə dəstəkləyir. Eyni zamanda Donbasda məsələlərin dinc həllinə dəstək verir.”
Bu sözləri Ukraynanın Prezidenti Volodimir Zelenski Almaniya səfəri çərçivəsində Kansler Angela Merkellə birlikdə media təmsilçiləri önündə çıxış edərkən deyib.
Xəbər bayraqdar.info-ya Ukrayna Prezident Administrasiyasından daxil olub.
Ukrayna Prezidenti onu da ayrıca vurğulayıb ki, Almaniya Rusiyanın Krımı anneksiya etməsini qəbullanmır, eyni zamanda Ukraynanın Avropaya və Avro-Atlantik məkana inteqrasiyasını dəstəkləyir.
V.Zelenski onu da deyib ki, Almaniya Fransa ilə birlikdə Normandiya formatı çərçivəsində Ukrayna torpaqlarının azad edilməsi üçün əla bir sənəd hazırlayıb. Lakin Rusiya bu sənədə sıcaq yanaşmır. Ona görə də Rusiyaya təzyiq etmək lazımdır ki, Ukraynanın işğal altındakı torpaqları azad edilə bilsin.
“Belə görünür ki, bizim hamımız, bütün ölkələr Rusiya tərəfinə müraciətlə ondan Ukraynanın şərqində savaşın sonlandırılması və qanunsuz işğal edilmiş torpaqların qaytarılması üçün Normandiya formatında görüşə qatılmasını tələb etməliyik”, – deyə Prezident bildirib.