Press "Enter" to skip to content

Türkiyədə “sözəbaxan iqtidar” formalaşdırmaq üçün FETÖ-nü dövrəyə buraxmışdılar

Telman Nüsrətoğlu

Son yeniləmə: 11 İyul 2021 19:31

Telman Nüsrətoğlu: 15 iyul dövlət çevrilişinə cəhdin pərdə arxasındakı əsas qüvvələr Türkiyənin müstəqil siyasət yürütməsindən razı qalmayan xarici güclər idi

Bayraqdar.info – Bir neçə gündən sonra Fetullahcı Terör Örgütünün (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdinin beş ili tamam olur. Məlum olduğu kimi, 2016-cı il 15 iyul gecəsində terrorla mübarizədə 251 şəhid verən Türkiyə xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bayraqdar.info olaraq ekspertlərin, politoloq və diplomatların qardaş Türkiyədə o müdhiş gecədə baş verənlər, həmçinin həmin vaxt ölkəmizin sərgilədiyi mövqe ilə bağlı fikirlərini dərc edəirik.

Beləliklə, növbəti müsahibimiz tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu həmin hadisələrlə bağlı fikirlərini bayraqdar.info ilə bölüşüb.

İstəyirdilər ki, Türkiyə xaricdən asılı, zəif, müstəqil siyasət yürütmək iqtidarında olmayan ölkəyə çevrilsin

T.Nüsrətoğlu öncə “15 iyul hadisələrini daha dərindən təhlil etsək görərik ki, əslində FETÖ bir maşa rolunu oynayırdı” deyib.

Bildirilib ki, 15 iyul dövlət çevrilişi cəhdinin arxasındakı əsas qüvvələr Türkiyənin müstəqil siyasət yürütməsindən razı qalmayan xarici güclər idi: “Xüsusilə də Suriya məsələsində müttəfiqləri Türkiyəni meydanda tək buraxdıqları halda, qardaş ölkənin alternativ siyasət həyata keçirməsi həmin gücləri narahat etmişdi. Onlar istəyirdilər ki, Türkiyə əvvəllər olduğu kimi xaricdən asılı, zəif, müstəqil siyasət yürütmək iqtidarında olmayan ölkə olsun. Yəni, Türkiyə həmin güclərin marağına uyğun siyasət həyata keçirisin. Xüsusilə də həmin güclər Türkiyənin türk dünyasına, türk-islam aləminə istiqamətlənmiş müstəqil siyasət aparmasına qarşıdırlar. Buna görə də həmin güclər öz niyyətlərinə çatmaq, Türkiyədə “sözəbaxan iqtidar” formalaşdırmaq üçün FETÖ-nü dövriyəyə buraxmışdılar. Bir sözlə, FETÖ Türkiyənin böyük güc olmasının, türk-islam aləminin birliyinin qarşısını almaq üçün xarici güclər tərəfindən himayə edilən terror təşkilatıdır”.

Türkiyənin xarici və daxili düşmənləri buna uzun illər hazırlaşıblar

T.Nüsrətoğlu bildirib ki, 15 iyula hazırlıq uzun illər sürüb. Bu çevrilişə cəhdə hazırlıq bir, yaxud da beş-altı il olmayıb.

Vurğulanıb ki, Türkiyənin xarici və daxili düşmənləri buna uzun illər hazırlaşıblar: “Özü də çox hiyləgərcəsinə, asta-asta, ətrafda hər hansı şübhə oyatmadan bu xain planın reallaşmasına hazırlıq görüblər. FETÖ-nü himayə edən xarici güclər onun Afrikadan Asiyaya qədər geniş coğrafiyalarda məktəblər açmasına, iqtisadiyyatdan mediaya qədər geniş sahəyə nüfuz etməsinə yardım göstəriblər. Məqsəd də FETÖ vasitəsilə öz maraqlarını təmin etmək idi. Eyni zamanda, həmin güclər 15 iyula qədər Türkiyə daxilində bir sıra terror və təxribatlar törətdilər, hətta Suriyanın şimalında oyuncaq dövlət qurmağa cəhd göstərdilər. Məqsəd, dediyim kimi, Türkiyəyə təzyiq göstərmək, onu müstəqil siyasət yürütməkdən vaz keçirmək idi. Lakin Türkiyə öz müstəqil siyasətindən vaz keçməyincə bu dəfə FETÖ-nü açıq şəkildə meydana buraxdılar. Uzun illər Türkiyənin müxtəlif dövlət qurumlarına, ordusuna yeridilmiş xainlər vasitəsilə dövlət çevrilişinə cəhd göstərdilər”.

Xalq qanuni hakimiyyətini, prezidentini, yürüdülən müstəqil siyasəti müdafiə etmək üçün küçələrə axışdı

Müsahibimiz qeyd edib ki, 15 iyulda baş verənlər FETÖ-nün necə bir təhlükəli terror təşkilatı olduğunu gün işiğına çıxardı: “15 iyul xain çevriliş cəhdi zamanı gördük ki, FETÖ terrora çox asanlıqla əl ata bilən, Türkiyə parlamentini bombalayan, dinc insanları qətl edən təşkilatdır. Bir sözlə, 15 iyul İstiqlal Savaşından sonra Türkiyə dövlətçiliyinin, Anadolu türklüyünün üzləşdiyi ən təhlükəli dövrlərdən biri idi”.

Amma xarici və daxili xainlər öz çirkin niyyətlərinə çata bilmədilər. Çünki Cümhurbaşqanı Recep Tayyip Erdoğan böyük bir siyasi zəka və liderlik nümayiş etdirdi: “Eyni zamanda xalq səfərbər oldu. Türkiyə vətəndaşları kiminsə, hər hansı qüvvənin onların əvəzinə qərar verməsini qəbul etmədiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Növbəti dəfə bütün dünya bildi ki, heç bir güc Türkiyə dövlətini və xalqını öz yolundan döndərə bilməz. Xalq qanuni hakimiyyətini, cümhurbaşqanını, yürüdülən müstəqil siyasəti müdafiə etmək üçün küçələrə axışdı, canı, qanı bahasına dövlətini qorudu”.

T.Nüsrətoğlunun sözlərinə görə, 15 iyul dövlət çevrilişi cəhdinin qarşısnın alınmasından sonra Türkiyə daha da gücləndi: “İlk olaraq genişmiqyaslı əməliyyatlar aparılaraq FETÖ mənsublarının dövlət qurumlarından təmizlənməsi həyata keçirildi. Eyni zamanda Türkiyə xarici siiyasətində qətiyyətli və müstəqil addım atmaqda davam edir. Bu gün Türkiyə nəinki yerləşdiyi regionun, hətta dünyanın aparıcı aktorlarından biridir”.

Azərbaycan Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pislədi

Müsahibimiz Azərbaycanın hadisənin ilk saatlaırnda Türkiyənin qanuni hakimiyyətini dəstəklədiyini də bildirib. Qeyd olunub ki, hər zaman Türkiyə dövlətinin və xalqının yanında olan Azərbaycan xalqı və dövləti bu dəfə də eyni mövqe sərgilədi: “Azərbaycan 2016-cı il iyulun 15-də Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pislədi və qəbuledilməz hesab etdi. Onu da deyim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev o dövrlər möhtəşəm iradə nümayiş etdirdi. Həmin çevriliş cəhdindən bir neçə gün sonra, iyulun 20-də fərman imzaladı. Söhbət “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə” Fərmandan gedir. Təbii ki, bu fərmanın həmin vaxt imzalanması heç də təsadüfi deyildi. Bu, türk ordusunun qiyafəsinə bürünən xainlərin türk ordusunu gözdən salmaq istiqamətində apardığı siyasətə qarşı bir addım idi. Həm də türk ordusuna və Türkiyə dövlətinə Azərbaycanın dəstəyi idi”.

Mission News Theme by Compete Themes.