Press "Enter" to skip to content

Şənlik mərasimləri məkanlarında monitorinqlər davam edir

Bayraqdar.info – Məlum olduğu kimi, 2021-ci il iyulun 1-dən qapalı məkanlarda 150, açıq havada isə 50 nəfərin iştirakı ilə şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə başlanılıb.

Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkilinə nəzarət məqsədilə ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında monitorinqlər davam etdirilir.

Monitorinqlərdə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssisləri iştirak edir.

Bu barədə bayraqdar.info-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, monitorinq qrupları bu günə qədər 300-dən çox obyektdə olub. Şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.

İyulun 12-də keçirilmiş monitorinqlər zamanı şadlıq saraylarında bu qaydalara əsasən riayət olunduğu müəyyən edilib. Lakin şənlik mərasimlərinin təşkil edildiyi bəzi məkanlarda müəyyən edilmiş tələblərin pozulması halları aşkarlanıb. Bu, xüsusilə toylara icazə verilən saydan artıq qonaqların gəlməsi, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə müvafiq sənədlərin olmaması ilə bağlıdır.

Monitorinq qruplarının toy sahibləri ilə apardığı profilaktik izahatdan sonra pozuntu halları aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub.

Şənlik mərasimlərinə nəzarəti həyata keçirən orqanlar bir daha vətəndaşlara müraciət edib. Müraciətdə toy, nişan, ad günü və s. tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün təşkilatçılardan bəzi məsələləri dəqiqləşdirmələri tövsiyə edilib.

Eyni zamanda, şənlik mərasimlərinin təşkili ilə məşğul olan məkan sahibləri mövcud zalların ölçülərinə uyğun sifariş qəbul etməli, işçi heyəti müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) tam şəkildə təmin etməlidirlər.

Mission News Theme by Compete Themes.