Press "Enter" to skip to content

Qusarın yol infrastrukturunda yenilənmə işləri görülür

Bayraqdar.info – Qusar rayonunda 12,5 km uzunluğunda, 4 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşır.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya bildirilib ki, təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 m hərəkət hissəsi və 2 m enində çiyinlər daxildir.

Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Uzun müddət əsaslı təmir görmədən istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də icra olunub.

Yolboyu yaşayan sakinlərin pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton borular bərpa olunub. Zəruri yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri yerinə yetirilib.

Bayraqdar.info-nun xəbərinə görə, texnoloji ardıcıllığa uyğun olaraq, yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlama işləri 75 min kv m sahədə aparılır. Hazırda “İnşaat norma və qaydaları”nın tələblərinə əsasən yol çiyinlərinin bərkidilməsi işləri də həyata keçirilir. Sözügedən işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə icra olunur.

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və məlumatverici lövhə quraşdırılacaq. Həmçinin, siqnal dirəklərinin və yolun üfqi nişanlanma xətlərinin çəkilməsi ilə müasir yol infrastrukturu yaradılacaq. Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minədək əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdıracaq.

Mission News Theme by Compete Themes.