Bayraqdar.info – AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) yaradılmış “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlərin toplanılması işi davam edir.
Bu barədə bayraqdar.info-ya MEK-dən məlumat verilib.
Bildirilib ki, fonda tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabı daxil edilib. Kitabda sabiq səfirin İkinci Qarabağ savaşında Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün müxtəlif media orqanlarına verdiyi müsahibə, müharibə dövründə peşəkar fəaliyyəti haqqında materiallar, çıxışlarının mətnləri və məqalələri toplanılıb.
Fonda təqdim edilmiş nəşrlər arasında yenicə çapdan çıxan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün zəfəri” kitabı da var. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan kitabda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbədən bəhs olunur. Bununla yanaşı, kitabda yazıçıların Qarabağla bağlı düşüncə və xatirələrinə də yer verilib.
Fonda, həmçinin “İRS” beynəlxalq Azərbaycan jurnalının 109-cu nömrəsi daxil edilib. Jurnalda II Qarabağ müharibəsinin ilk günlərinə həsr olunmuş məqalələr xüsusi maraq doğurur.
MEK xatırladır ki, Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan fondun əsas məqsədi Qarabağ müharibəsinə həsr olunan sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir.
Fond Kitabxananın həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz iz qoyan, adlarını xalqımızın şanlı tarixinə əbədi yazan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq. Eyni zamanda, şəhid olmuş mərd oğulların şəxsi kitabxanalarındakı kitablar fondda sərgilənəcək.