Bayraqdar.info – İyulun 12-də Baş Prokurorluq məlumat yaydı ki, bir baş redaktor bir baş həkimdən hədə-qorxu yoluyla rüşvət alıbmış.
Xəbərdə deyilir ki, sheffaf.az xəbər portalının baş redaktoru Namik Əmrahov 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramilə İbrahimovadan 2018-ci ildən etibarən dəfələlərlə ümumilikdə 2 min manat pul tələb edərək almışdır.
N.Əmrahov R.İbrahimovanı özünün sheffaf.az və azinfo.tv adlı internet resurslarında rüsvay edəcəyi ilə qorxudurmuş. Xəbərdən anlaşılır ki, baş həkim də qorxusundan ona pul verirmiş.
“Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanmış, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir”, – deyə xəbərdə bildirilir.
Baş Prokurorluq eyni gündə həm də iki şəxsin şəhid ailələrindən pul tələb etməyə görə cəzalandırılması haqqında xəbər yayıb.
Xəbərdə deyilir ki, Azər Kazımov və Rübabə Vəliyeva adlı şəxslər iyunun 23-25-də özlərini TV əməkdaşları kimi təqdim edərək Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələrinə baş çəkiblər. Onlar çəkilişlər aparıb efirdə yayımlamaq adıyla şəhid analarından ümumilikdə 240 manat məbləğində pulu aldatma yoluyla alıblar. Lakin hər hansı TV yayımı da olmayıb.
Baş Prokurorluq hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başladıb. İş aidiyyəti üzrə məhkəməyə göndərilib və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilib.
Göründüyü kimi, bu hadisədə də jurnalist adı altında konkret qanunsuz əməllərin törədilməsi aşkardır.
Bizi düşündürənsə başqa məsələdir. Bu hadisələrin heç birinin jurnalistikaya dəxli yoxdur. O baxımdan bu adamların jurnalist kimi təqdim edilməsi qətiyyən olmaz. İstər rəsmi açıqlamalarda, istərsə də mediada belə adamlar haqqında danışanda konkret əməllərini əsas tutmaq lazımdır.
Yəni bu adamlar jurnalist adından sui-istifadə ediblər. Lakin jurnalist olduqlarını sübut edən heç bir dəlil yoxdur. Onların özlərini jurnalist kimi təqdim etməsi də vəziyyətdən çıxış yolu deyil. Hər yoldan ötən özünü jurnalist kimi təqdim edəcək deyə biz də onu jurnalist sanmalıyıq? Təbii ki, deyil.
Bir də başqa məqama diqqət çəkmək istərdik. Birinci xəbərdə deyilir ki, baş həkim 2018-ci ildən bəri özünü jurnalist kimi təqdim edən şəxsə müəyyən məbləğlərdə pul verib. Əlbəttə, özündən əmin olan, işinə vicdanla yanaşan bir həkim əsla kimsəyə pul verməzdi. Ona görə də hüquq mühafizə orqanlarının o həkimin əməllərini də araşdırması faydalı olardı. Özünü jurnalist adı altında təqdim edib pul alan şəxsə isə ümumiyyətlə jurnalist sözünü dilə gətirməsi yasaqlanmalıdır.
İkinci hadisədə isə sadəcə o şəhid yaxınlarına demək istərdik ki, sizin övladlarınız mümkün olan ən böyük ödənişi ediblər. Nəinki özünü jurnalist kimi təqdim edən hansısa yaramazlar, ümumiyyətlə bütünlüklə Azərbaycan xalqı sizin qarşınızda borcludur. Ona görə də hər yoldan ötənə pul verib şəhid övladınızın ruhunu rahatsız etməyin. Zatən dövlət bütün şəhidlər haqqında çəkilişlərin efirə verilməsini təmin edir. Hansısa kol dibində qurulmuş bir veb-saytda sizin o müqəddəs övladınız haqqında nəsə yayımlansa nə olacaq? Varmı buna ehtiyacınız?
Yeri gəlmişkən, o jurnalist olduğunu iddia edib şəhid ailələrindən pul dilənənlərin də bundan sonra özünü jurnalist kimi təqdim etməsi yasaqlanmalıdır. Çünki belə olmasa biz jurnalistikanı bu cür parazitlərdən təmizləyə bilməyəcəyik.
Və sonda: Bəzən bu ünsürlərin hərbi paltar geyinərək poz verdiyini görürük. Bunu da rəsmən yasaqlamaq və şəhidlərimizin qanıyla şərəfləndirilmiş o formanı hər yoldan ötənin geyinməsinə əngəl olmaq lazımdır. Ümumiyyətlə isə jurnalistin hərbi geyimdə gözə dəyməsi əsla yolverilən deyil. Hətta jurnalistikadan sui-istifadə edənlərin də!