Press "Enter" to skip to content

DİM və CITO arasında əməkdaşlıq Memorandumu imzalanıb

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi və CITO – Niderland Milli Təhsil İnstitutu arasında əməkdaşlığın yenilənməsi məqsədilə anlaşma Memorandumu imzalanıb.

Xəbər bayradar.info-ya iyulun 13-də DİM-dən verilib.

DİM və CITO arasında təhsildə qiymətləndirmə sahəsində inkişafın artırlıması istiqamətində imzalanan Memorandumda aşağıdakı məsələlər üzrə əməkdaşlıq razılaşdırılıb:

1.Təhsilin qiymətləndirilməsi, kompüter əsaslı imtahanların təşkili, psixometrik test, səriştə əsaslı qiymətləndirmə, tələbə izləmə sistemləri kimi sahələrdə öyrənmə və inkişaf təşəbbüslərini həyata keçirmək;
2.Təhsildə qiymətləndirmə mütəxəssislərinin və təlimçilərinin hazırlanmasına, inkişafına və sınaq zamanı keyfiyyət təminatı mexanizmlərinə dəstək olan ortaq tərəfdaşlıq proqramlarını reallaşdırmaq;
3.Azərbaycanda və Avrasiya bölgəsində təhsilin qiymətləndirilməsi sahəsində birgə regional təşəbbüsləri artırmaq;
4.Təhsilin qiymətləndirilməsində əməkdaşlığın əlaqəli olduğu və əlavə dəyər yaradan yeni təşəbbüslərlə bağlı məlumatları müntəzəm olaraq qarşılıqlı şəkildə paylaşmaq.

DİM bildirir ki, CITO ilə DİM arasında əməkdaşlığa DİM-in sələfi olan olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründən başlanılıb. O zaman TQDK bilik və bacarıqların qiymətləndirilməsi sahəsində dünya təcrübəsindəki qabaqcıl meyarları öyrənmək, bunlardan yaradıcı bəhrələnmək, daha səmərəli olanlarını Azərbaycana gətirib tətbiq etmək məqsədilə CITO ilə sıx əlaqələr yaratmışdı.

2009-cu ildə TQDK-nın “Yoxlama-ölçmə materiallarının işlənməsi” və “Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi” şöbələrinin əməkdaşlarından ibarət işçi qrupu Niderlanda səfər edib. Orada onlar CITO-nun nümayəndələri ilə görüşüb, aşağıdakı məsələlər barədə müzakirələr və təcrübə mübadiləsi aparıblar: müasir test nəzəriyyəsi (İRT) və onun tətbiqi; adaptiv test; kompüter vasitəsilə test (multimedia, simulyasiya); Hollandiyanın təhsil sistemi; orta təhsil səviyyəsində monitorinq; test bankı sistemi.

DİM sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti 2018-ci ildə Niderland Krallığının Arnhem və Nijmegen şəhərlərində CITO-nun təşkilatçılığı ilə keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyasının (AEA-Europe) 19-cu illik konfransında iştirak edib.

2019-cu ildə DİM-in təşkilatçılığı ilə keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransında (IAEA 2019) CITO-nun təmsilçisi Niko Diteren iştirak edib.
IAEA 2019 konfransından sonra DİM və CITO əməkdaşları arasında PISA tipli tapşırıqların yazılmasına dəstək göstərilməsinə dair müzakirələr mütəmadi olaraq aparılır. 2021-ci ildə bu istiqamətlər üzrə mütəxəssislərin peşəkar inkişafı üçün təlim modulları hazırlanıb və Təhsil Nazirliyinin dəstəyi ilə təlimlərin yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.