Press "Enter" to skip to content

Bakıya daha 320 ədəd avtobus gətiriləcək

Bayraqdar.info – Dövlət başçısının vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri göstərilməsinə dair tapşırığına uyğun olaraq bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək.

Bakı Nəqliyyat Agentliyindən bayraqdar.info-ya verilən məlumata görə, 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar qardaş Türkiyənin “BMC Otomotiv Sanayi Ticaret” Şirkətinin istehsalıdır.

Avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə BNA-nın nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində BNA sədri Vüsal Kərimli Şirkətin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb.

Məlumatda deyilir ki, görüşdə avtobusların texniki parametrləri, çatdırılma prosesi və digər vacib məsələlər müzakirə edilib. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq. Çatdırılma prosesinə isə qarşıdakı aylarda başlanılacaq və mərhələli qaydada icra ediləcək.

Görüşdə birgə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Diqqətə çatdırılıb ki, Bakı şəhərində avtobus parkının yenilənməsi daim dövlətin diqqət mərkəzindədir. Son 5 ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara buraxılıb. Bu avtobusların 415 ədədi BMC şirkətinin istehsalıdır. Yeni avtobusların alınması ilə bu rəqəm 735-ə yüksələcək. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə BMC markalı avtobusların ehtiyat hissələrinin ölkəmizdə istehsalının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra istehsal müəssisəsində yeni avtobuslara sınaq baxışı keçirilib. Avtobusların texniki göstəriciləri və digər parametrlərlə bağlı ətraflı məlumat verilib. 9 metrlik avtobusların gətirilməsi kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri göstərməyə və ətraf qəsəbələrin ictimai nəqliyyata əlçatanlığının artırılmasına imkan verəcək.

BNA məlumat üçün bildirir ki, “NeoCity” adlı 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz və dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün əlçatandır.

Yeni avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Bu da öz növbəsində dövlət başçısının ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması ilə bağlı həyata keçirdiyi siyasətə uyğundur.

Bakı şəhərində avtobus parkının yenilənməsi nəticəsində hazırda gündəlik orta hesabla 630 mindən çox sərnişin rahat daşınır.

Mission News Theme by Compete Themes.