Bayraqdar.info – Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələr daim genişlənir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazirlə Səudiyyə Ərəbistanı Krallığının insan resursları və sosial inkişaf naziri Əhməd Süleyman ər-Raci arasında onlayn formatda görüşdə bir çox məsələlərə toxunulub.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirlib. Qeyd olunub ki, S.Babayev hər iki dövlətin başçılarının ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin güclənməsinə xüsusi diqqət göstərdiyini deyib.
O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri diqqətə çatdırıb. Nazir İkinci Qarabağ müharibəsi zamanı Səudiyyə Ərəbistanı Krallığının dost ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini (eyni zamanda Körfəz Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində) bildirib. S.Babayev buna görə minnətdarlığını ifadə edib.
S.Babayev ölkəmizdə sosial sahədə aparılan son islahatlar, pandemiya dövründə görülən iqtisadi və sosial dəstək tədbirləri barədə məlumat verib. O, iki ölkə arasında əmək sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələri üçün böyük potensialın olduğunu vurğulayıb.
O, hazırlanmış Memorandum layihəsinin bu sahədə önəmli prioritetlər müəyyən etdiyini deyib.
Əhməd Süleyman ər-Raci ölkəsinin Azərbaycanla əlaqələrinin əsasında dost münasibətlərinin dayandığını, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib. O, ölkəmizin ərazi bütövlüyünü təmin etməsindən məmnun olduqlarını qeyd edib. Nazirliklər arasında ikitərəfli əməkdaşlığın qurulması və genişləndirilməsinin əhəmiyyəti, bunun qarşılıqlı fayda verəcəyi vurğulanıb.
Görüşdə iki nazirlik arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, tərəflər əmək mübahisələrinin həlli, əməyin təftişi, əməyin mühafizəsi və gigiyenası, məşğulluq imkanlarının artırılmasına yönəlmiş əmək bazarı siyasətlərinin, milli peşə standartlarının hazırlanması, milli kvalifikasiyaların təkmilləşdirilməsi, eləcə də tərəflərin razılaşdırdığı başqa sahələrdə əməkdaşlıq edəcəklər.