Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3 avqust və 10 avqust tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək. Avqustun 3-ü keçiriləcək hərraca 15 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 10 avqustda təşkil olunacaq hərraca isə 17 nəqliyyat vasitəsi çıxarılacaq.
Nazirlikdən bayraqdar.info-ya daxil olan məlumatda özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının tam siyahısı ilə tanışlıq üçün mənbələr və gərəkli internet resursları da göstərilib: Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından və ya Özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.