Press "Enter" to skip to content

17 ildir ki, radiotezlik tarifləri dəyişməyib – dəyişməlidir

Osman Gündüz

Tarif Şurasının hər il işıq, qaz, su traiflərini dəyişməsinə, daha doğrusu, artırmasına baxmayaraq, təxminən 17 ildir ki, radiotezliklərlə bağlı tariflərə baxmağa imkan tapılmır.

17 il ərzində isə dövlətə məxsus olan radiotezlik bazarında çox çey dəyişib. Yeni texnologiyalar və standartlar gəlib, yeni xidmətlər və avadanlıqlar, yeni yanaşmalar ortaya çıxıb, amma tariflər sabit qalıb.

Maraqlı məsələdir.

Necə ola bilər ki, 17 il ərzində bir neçə texnologiya dəyişən, bir neçə radiotezlik zolağı əldə edən, yüzlərlə ötürücülər, radiostansiyalar və baza stansiyaları quran, böyük gəlirlər əldə edən operatorlar, xarici şirkətlər və ya digər radiotezlik istifadəçiləri eyni tariflərlə ödəniş etsinlər?

Bu istiqamətdə bir qədər araşdırma aparsaq görmək olar ki, inkişaf etmiş, həm də qonşu ölkələrdə dövlətə məxsus olan radiotezlik resurslarından effektiv istifadə məqsədilə tezliklərin tarifləri dəfələrlə dəyişikliyə uğrayıb.

Hər inkişaf mərhələsində növbəti mərhələnin inkişafı üçün daha çevik və effektiv tarif hesablamaları və müxtəlif metodikalar təklif olunub.

Tezlik məsələsində əsas problem odur ki, Tanrının bəxş etdiyi bu resurs dövlətə məxsusdur, məhduddur və hamıya çatmır.

Dövlət qarşısında duran əsas məsələ: məhdud olan bu resursu səmərəlilik və effektivlik baxımından necə tənzimləmək, tarifləri necə müəyyən etmək olar?

Tarif müəyyən olunarkən müxtəlif ölkələrdə müxtəlif yanaşmalar tətbiq olunur:

sektoru idarə edən tənzimləyici qurumun xərclərinə görə (bu xərclər tezlik istifadəçilərinin bəlli ödənişləri əsasında formalaşır);
tezlik istifadəçisi olan operatorların gəlirlərinə görə;
tezlik spektrinin iqtisadi dəyərinə görə;
əhali sıxlığı və əhatə dairəsinə görə və s.

Stimulladırıcı ödəniş metoduna, innovasiyalara maraq yaradılmasına üstünlük verilir.

Ölkələrin çoxunda tezlik resurslarının ayrılması üçün adətən hərraclar və müsabiqələr təşkil olunur.

Ölkəmizdə radiotezlik tarifləri Tarif Şurasının 23 iyul 2004-cü il tarixli qərarı ilə təsdiqlənib.

Qeyd etdiyim kimi ötən müddət ərzində heç bir dəyişiklik edilməyib. Tarif Şurası bu məsələdə olduqca qüsurlu bir siyasət yürüdüb.

Bildiyim qədər həmin dövr üçün müəyyən olunan qiymətlərə, nə qədər absurd səslənsə də indeksasiya da tətbiq edilmir.

Yəni 50-60 manat ödəməklə qızıldan qiymətli tezlik resursuna sahib ola, uyğun avadanlığı qeydiyyata aldıra bilərsən.

Tarif cədvəlindən görmək olar ki, tariflər üçün çoxlu sayda texniki-texnoloji xarakteristikalar, əmsallar tətbiq olunur.

Hədsiz aşağı və ifrat dərəcədə yuxarı həddə olan müəyyən tariflər var.

Müşahidələrimiz göstərir ki, ölkəmizdə bir çox radiorabitə istiafdəçiləri tezlik resursları üçün “su qiymətinə” olan tariflərdən effektiv istifadə etmirlər.

Daha doğrusu, cüzi ödənişlər etməklə başqaları üçün çox vacib olan tezlik resurslarından illərlə istifadə etmirlər.

Mövcud tariflər stimullaşma üçün, yeni texnologiyaların tətbiqi üçün imkanlar yaratmır.

Düşünürəm ki, hökumət təcili olaraq radiotezliklərdən effektiv istifadə məsələsinə diqqət yetriməlidir.

Beynəlxalq təcrübə nəzərə alınmaqla daha vacib tezliklər və tezliyin spektri, perspektiv tezlik zolaqları nəzərə alınmaqla, yeni texnologiyaların tətbiqini stimullaşdıran addımlar nəzərə alınmaqla tariflər müəyyən etmək üçün yeni metodika hazırlanmalıdır.

Radiotezliklərlə bağlı traiflərin müəyyən olunmasının yeni yaradılacaq müstəqil tənzimləyici quruma verilməsi daha doğru və məntiqli olardı.

Çünki bu tariflər texnolgiyaların inkişafından asılı olaraq dəyişməli və elə bu inkişafın özünə təkan verə bilməlidir. Bunu isə sektordakı müstəqil peşəkar qurumun etməsi daha doğru olardı.

Mission News Theme by Compete Themes.