Press "Enter" to skip to content

İyulun 12-də tələbələrin köçürülməsi prosesinə başlanılır

Bayraqdar.info – İyulun 12-də tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasın və ya təhsil alma formasının dəyişdirilməsi prosesinə başlanılır. Eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərə görə, http://transfer.edu.az sənəd qəbulu iyulun 26-dək davam edəcək. Müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi zamanı onun qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Nazirlik qeyd edir ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsil alma formasını dəyişmək, I tədris ilində eyni ixtisas üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək hüququna malikdirlər.

Bununla yanaşı, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır.

Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Təhsil alma formasını dəyişən və ya köçürülən tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.

Xəbərdə deyilir ki, akkreditə olunmayan xarici ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Xarici ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır.

Bu zaman II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında uyğun hesab edilir. Eləcə də, II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir.

Mission News Theme by Compete Themes.