Press "Enter" to skip to content

İdxal olunan malların üçüncü şəxslərə təhvil verilməsinə birgə nəzarət

Son yeniləmə: 12 İyul 2021 16:00

Bayraqdar.info – Son dövrlər “kölgə iqtisadiyyatı”nın azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Belə ki, atılan addımlar nəticəsində sahibkarlıq subyektlərinin iqtisadi dövriyyələrinin artması istiqamətində müsbət nəticələr müşahidə olunur.

Bu barədə bayraqdar.info-ya Dövlət Vergi Xidmətindən bildirilib: “Bu sahədə aparılan mühüm tədbirlərdən biri də vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulan formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarət tədbirləridir”.

İyul ayında aparılan belə nəzərət tədbirlərindən biri zamanı “SEYF ELAKE” MMC-nin üçüncü şəxslər üçün malların idxalını həyata keçirdiyi müəyyən edilib. Həmçinin Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş 09 dekabr 2019-cu il tarixli 1000/05/001 nömrəli Qaydaların 3.1.2-ci bəndinə əsasən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının sahəsinin və mövcud şəraitinin idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etməməsi səbəbindən risklərin olduğu aşkarlanıb.

Birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, həmin müəssisəyə aidiyyəti (rəhbər və ya etibarnamə üzrə nümayəndə) olmayan vətəndaş Məmmədov Rəşid Mustafaqulu oğlu tərəfindən malların gömrük ərazisindən çıxarılmasına cəhd edilib. Bu zaman R.Məmmədov vergi orqanı əməkdaşlarının ünvanına nalayiq və təhqiramiz ifadələr işlədib. O, dövlət Vergi Xidmətinin Dövlət Gömrük Komitəsinə ezam olunmuş texniki işçisi Məmmədov Şahir Nadir oğlu ilə mübahisə edib. Həmin proses zamanı əsassız videoçəkiliş edən R.Məmmədov özünün qanunsuz hərəkətləri olan hissələrini gizli saxlamaqla videonun yalnız sonluğunu sosial şəbəkələrdə yayımlayıb.

“SEYF ELAKE” MMC-nin rəhbəri İsmayilova Nərminə Mais qızı vergi orqanına dəvət edilərək aşkar olunmuş nöqsanlar ona izah edilib. Qeyd olunan nöqsanlar müəssisənin rəhbəri tərəfindən qəbul edilib və aradan qaldırılacağı bildirilib. Daha sonra birgə eyniləşdirmə tədbiri yekunlaşdırılaraq malların gömrük nəzarətindən buraxılması təmin edilib.

Dövlət Vergi Xidməti bildirir ki, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir. Bu kimi hallar qanunvericiliyin pozulmasına gətirir. “Kölgə iqtisadiyyatı”nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.

Mission News Theme by Compete Themes.