Press "Enter" to skip to content

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir

Son yeniləmə: 12 İyul 2021 18:45

Bayraqdar.info – Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında bir çox sahələrdə olduğu kimi, sosial sahədə də birgə layihələr əsasında fəal əməkdaşlıq təcrübəsi formalaşıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi ölkəmizdə fəaliyyət dövrü başa çatan KestutisYankauskas ilə onlayn formatda vida görüşü keçirilib.

Nazir görüşdə Azərbaycanın Aİ ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə sahələrində geniş miqyaslı islahatların aparıldığını qeyd edib. O, bu islahatlar prosesində Aİ ilə fəal əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Aİ-nin TACIS, Tvinninq layihələrinin, eləcə də Avropa Təlim Fondu ilə əməkdaşlığın sosial sahədə islahatlarda, sosial müdafiə sisteminin təkmilləşdirilməsi işlərində mühüm önəm kəsb etdiyini vurğulayıb.

K.Yankauskasın ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan ilə Aİ arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən S.Babayev bu sahədə verdiyi töhfəyə görə ona təşəkkür edib.

K.Yankauskas Azərbaycandakı fəaliyyəti dövründə ölkəmizlə, xalqımızla bağlı xoş təəssüratlara malik olduğunu vurğulayıb. O, sosial sahədə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu bildirib.

Görüşdə Aİ ilə sosial sahədə icra olunan birgə layihələrə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.