Press "Enter" to skip to content

Avropa Parlamenti İrandan edam ediləcək Güneyli alimə azadlıq tələb edib

Bayraqdar.info – Fransa radiosunun verdiyi xəbərə görə, Avropa Parlamenti İran hökumətini Əhməd Rza Cəlaliyə qarşı irəli sürülən bütün ittihamları ləğv etməyə və Azərbaycanlı-İsveçli alimin dərhal azadlığa buraxmağa çağıran qətnamə qəbul edib.

Avropa Parlamenti Güney Azərbaycanlı alim Prof. Əhməd Rza Cəlali və İranda həbsdə olan başqa Avropalıların dərhal azad olunmalarını, İranda insan haqlarını pozanların cəzalandırılmasını istəyib.

İyulun 8-də müzakirəyə çıxarılan qətnamə 666 nümayəndənin lehinə, 5 nümayəndənin əleyhinə və 16 nümayəndənin tərəfsiz səsi ilə qəbul edilib.

Avropa Parlamenti yeni qətnaməsində xatırladıb ki, Prof. Əhməd Rza Cəlali Brüsselin Azad Universitetinin təcili tibbi yardım mütəxəssisidir və Şərqi Piemonte Universitetinin professorudur. O, 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana gedib və 24 aprel tarixində təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Ə.R.Cəlalidən işkəncə altında casusluq barədə məcburi etiraf alınaraq 2018-ci ilin oktyabr ayında ədalətsiz bir məhkəmə vasitəsilə edama məhkum olunub. Həmin ilin iyun ayının 17-də isə onun barəsində çıxarılan edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Əldə olunan məlumatlara görə, məhkəmədə Ə.R.Cəlalinin təqsirini sübut edən heç bir dəlil təqdim edilməyib və mühakimə yalnız öncədən hazırlanmış mətndən oxuduğu məcburi etiraflara əsaslanıb.

24 noyabr 2020-ci il tarixində İran İslami İnqilab Məhkəməsi Ə.R.Cəlalinin edam qabağı hazırlıq üçün təkadamlıq kameraya köçürüldüyü barədə məlumat yayıb. Ancaq 100 gün təkadamlıq kamerada edam qorxusu altında saxlanıldıqdan sonra alim yenidən həbsxananın ümumi bölməsinə köçürülüb.

Avropa Parlamenti qətnamədə, BMT İşçi Qrupunun 2017-ci ilin noyabr ayında özbaşına həbslər barədə yayımladığı və Ə.R.Cəlalinin həbsini özbaşına, ədalətsiz adlandırdığı hesabatına toxunaraq alimin uzun müddətli təcrid, həbsxana və təkadamlıq kamera həyatı, aldığı fiziki və psixi işkəncələr səbəbindən həyatının təhlükədə olduğuna təkid edərək, azad olunmasında israrlı olduğunu bildirir.

Avropa Birliyinin qanunverici orqanı, İranda Avropanın və ikili vətəndaşlığı olanların saxlanılmasını xarici hökumətlərə təzyiq göstərmək üçün atılan addım olduğunu qeyd edərək onların hamısının; o cümlədən, İranlı-Fransalı araşdırmsçı Fəriba Ədalətxah, Fransalı səyyah Nencamin Beriyer, İranlı-Almaniyalı memar Nahid Təqəvi, Avstriya vətəndaşları Kamran Qadiri və Məsud Müsahib, Britaniya vətəndaşları Murad Tahbaz, Ənuşə Aşuri, Mehran Rəuf və Nazənin Zağərinin azadlığını tələb edib.

Parlament, Avropa Birliyi Şurasını, “İran vətəndaşları və Avropa vətəndaşlarının özbaşına mühakimə olunmasında və həbs edilməsində əli olan İran rəsmiləri və qurumlarının” varlıqlarının dondurulması da daxil olmaqla, sanksiyalar tətbiq etməyə çağırır.

Avropa Parlamenti bir daha İran hökumətinin dünyada öz vətəndaşlarına qarşı ən çox edam hökmü verdiyini xatırladaraq edam cəzasının aradan qaldırılmasına təkid edir və bu cəzanın heç bir əxlaqi, hüquqi və dini əsasının olmadığını bildirir.

Parlament bütün siyasi, dini və insan haqları müdafiəçilərinin azadlığını tələb etməklə yanaşı İran hökumətini bu həbsləri həyata keçirən qurum və şəxslər barəsində araşdırma başlatmağa çağırır.

Qətnamə İranda insan haqlarının, xüsusən etnik və dini azlıqlarla əlaqəli vəziyyətin pisləşməsini və onlara qarşı mütəşəkkil siyasi, iqtisadi, sosial və mədəni ayrı-seçkiliyin tətbiq olunmasını pisləyir. İranı BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıq etməyə və bu qurumun məruzəçilərinin ölkəni ziyarət etməsinə şərait yaratmasını istəyir.

Xatırladaq ki, ikili vətəndaşlığı olan (İran-İsveç) Ə.R.Cəlali əslən Güney Azərbaycanın Sərab mahalındandır. O, 2016-cı ildə Tehran Universitetinin dəvəti ilə İrana gedib və təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək”də ittiham olunaraq həbsə atılıb.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.