Press "Enter" to skip to content

Arxeoloq alimin elmi məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib

Bayraqdar.info – Rusiya EA-nın impakt faktorlu “Археология, этнография и антропология Евразии” elmi jurnalında UNEC professoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, arxeoloq Hidayət Cəfərovun “Azərbaycanda erkən şəhər sivilizasiyasının yaranması və formalalşması” adlı elmi məqaləsi dərc edilib.

Xəbər bayraqdar.info-ya iyulun 12-də İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Xəbərdə bildirilir ki, adıçəkilən jurnal Web of Science və SCOPUS kimi beynəlxalq elmi bazalarda təmsil olunur.

Məqalədə erkən şəhər mədəniyyəti ilə bağlı mühüm elmi əhəmiyyət kəsb edən aktual problemlərə toxunulub. Məsələnin mürəkkəbliyi erkən yazılı mənbələrin yoxluğu ilə əlaqədardır. Buna görə də mövzunun işıqlandırılmasına arxeoloji materiallar cəlb edilib.

“Şəhər tipli erkən məskənlərin rüşeymlərinin, yəni erkən şəhər mədəniyyətinin köklərinin yaranmasına xüsusi olaraq diqqət yetirilib. Müəllif qeyd edir ki, aşkar edilmiş faktlar erkən şəhər mərkəzlərinin — sinifli cəmiyyətlərin müjdəçisinin formalaşma səbəbləri və zəmini barədə hipotez irəli sürməyə imkan yaratdı. Erkən şəhər tipli məskənlərin əsas müqəddəm-şərtləri təsnif edilib: onların tutduğu sahə və strukturu, müdafiə tikililərinin mövcudluğu, sosial-iqtisadi və mədəni inkişaf durumu, bütün hakimiyyəti öz əlində cəmləşdirmiş hökmdarın varlığı, əhalinin kəmiyyəti və sıxlığı və s. Bu məskənlərdə sənətkarlıq istehsalının səviyyəsi və s. aspektlər də müşahidə edilir”, – deyə xəbərdə qeyd edilir.

Məqalədə Füzuli rayonundakı Qaraköpəktəpə, Naxçıvanda Ovçulartəpə, II Kültəpə, Oğlantəpə, Ağdamda Üzərliktəpə, Çinartəpə, Qaratəpə, Misir Qışlağı, Qobustandakı Dairə, Güney Azərbaycandakı Göytəpə və Yanıqtəpə kimi tunc dövrünə aid ilkin şəhər tipli yaşayış məskənlərinin adı çəkilib. Qədim Şərqin qabaqcıl mərkəzlərinin mədəni dəyərlərinin Cənubi Qafqazın qədim əhalisi tərəfindən mənimsənilməsi barədə tezis ilk dəfə olaraq bu məqalədə əsaslandırılıb.

“Tədqiq edilən mövzunun çərçivəsində Qarabağın son tunc dövrünün möhtəşəm kurqan abidələri diqqətdən keçirilib. Müəllifə görə, elmi ədəbiyyatda ilk dəfə irəli sürülən, faktlarla əsaslandırılan elit dəfnlərin erkən şəhər mərkəzləri ilə əlaqəsi ideyası ona əsaslanır ki, yalnız iri tayfa ittifaqlarının və erkən sinifli cəmiyyətin başçıları məhz bu çeşiddən olan möhtəşəm dəfnlərə iddialı ola bilərdilər. Bu qəbildən e.ə. II minilliyin ikinci yarısına aid Qarabağ ərazisindəki Sarıçoban (Ağdam), Borsunlu və Bəyimsarov (Tərtər) kimi möhtəşəm kurqan tipli abidələrin quruluşu və zəngin materialları barədə məlumat oxucuların diqqətinə çatdırılıb”, – deyə xəbər bu sözlərlə bitir.

Mission News Theme by Compete Themes.