Press "Enter" to skip to content

ADA Universitetində gənclər üçün “Diplomatiya həftəsi”

“44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsi

Bayraqdar.info – İyulun 12-də “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsinin açılış mərasimi keçirilib. Layihə Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib. Layihənin açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə XİN nəzdində fəaliyyət göstərən Diplomatiya könüllülərinin rəhbəri Nigar Eyvazzadə təqdimat edərək layihə çərçivəsində həyata keçiriləcək fəaliyyət barədə danışıb.

Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək diplomatiya həftəsi cari ilin 12-26 iyul tarixlərini əhatə edəcək. İştirakçılar ölkənin Vətən müharibəsi dövründə xarici siyasəti, habelə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər haqqında ətraflı məlumatlandırılacaq. Bunun üçün onların dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, habelə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşləri olacaq. Həmçinin, Vətən müharibəsi iştirakçıları, Vətən müharibəsini işıqlandıran xarici jurnalistlər, tanınmış ictimai xadimlərilə görüşlər keçiriləcək. Bununla yanaşı, layihə çərçivəsində bir sıra mədəni proqramlar, ekskursiya və səfərlərin reallaşdırılması nəzərdə tutulub.

Diplomatiya həftəsinin açılış mərasimində, ölkə rəhbərliyinə, Azərbaycan gəncliyinə, o cümlədən könüllülər hərəkatına göstərilən diqqət və yüksək dəyərə görə təşəkkür ifadə olunub.

Tədbirdə, 44 günlük Vətən müharibəsi dövründə yaşanmış hadisələrin bir hissəsini özündə ehtiva edən video-kollaj nümayiş olunub.

Salamlama nitqi ilə çıxış edən ADA Universitetin prorektoru Fariz İsmayılzadə Universitetin belə bir layihənin təşkilatçısı qismində çıxış etməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın beynəlxalq müstəvidə layiqincə tanıdılması baxımından gənclərin oynadığı mühüm rolu vurğulayıb.

Sonra açılış mərasiminin əsas qonağı, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

H.Hacıyev tədbirin bir il öncə Ermənistan tərəfinin Azərbaycanın Tovuz istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf etdiyini vurğulayıb. O, Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hərbi təxribatlarını layiqincə cavablandırdığını bildirib.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi şanlı Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə daxil olduğu qeyd edilib.

Münaqişənin keçmişdə qaldığını qeyd edən Hikmət Hacıyev, Azərbaycan qarşısında duran əsas vəzifələr, xüsusilə də azad edilmiş ərazilərin yenidən qurulması prosesi, bu ərazilərin minalardan təmizlənməsi və beləliklə də məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin edilməsindən bəhs edib. Təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasətinin bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcəyi vurğulanıb.

Tədbirin sonunda Hikmət Hacıyev iştirakçıların suallarını cavablandırıb.

Mission News Theme by Compete Themes.