Bayraqdar.info – Azərbaycana səfər edən Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalar “ASAN xidmət”də də olub.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, iyulun 9-da Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə TİKA sədri Serkan Kayalar arasında görüş keçirilib.
Ü.Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Dövlət Agentliyinin sədri deyib ki, bu günədək 44 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatını aldığı bildirilib. Həmçinin “ASAN xidmət”in 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Görüşdə Dövlət Agentliyi ilə TİKA arasında davam edən uğurlu əməkdaşlıqdan və həyata keçirilən layihələrdən də bəhs olunub. Eyni zamanda, 2019-cu ildə Bakıda keçirilmiş BMT Dövlət Xidmətləri Forumu çərçivəsində tərəflər arasında imzalanmış Niyyət Protokolunun tətbiqi çərçivəsində görülmüş işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.
Ən əsası isə “ASAN xidmət”in xarici ölkələrdə tətbiqi istiqamətində TİKA ilə birgə əməkdaşlıq barədə razılıq əldə olunub.
TİKA-nın sədri isə öz növbəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib. S.Kayalar müvafiq istiqamətlər üzrə davam edən əməkdaşlıqdan məmnunluğunu bildirib.