Yücel Karauz: Bütün bunlar həm də Azərbaycan Ordusunun Türkiyə modeli, NATO modeli ilə inkişafına kömək edəcək
Bayraqdar.info – “Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq hər keçən gün daha da dərinləşir. Azərbaycanda keçirilən “Mustafa Kemal Atatürk – 2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri də bu istiqamətdə atılmış növbəti mühüm addımdır.”
Bunu bayraqdar.info-ya özəl açıqlamasında sözügedən təlimləri dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
General bildirib ki, Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
Vurğulanıb ki, bu təlimlər iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığın hər keçən gün daha da zirvələrə daşındığına işarə edir: “Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazandıqdan sonra – 1992-ci ildə iki qardaş ölkə arasında hərbi əməkdaşlığa dair məsləhətləşmələr başlayıb. 1994-cü ildə isə bu istiqamətdə ilk müqavilə imzalanıb. Bununla da həmin dövrdə Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlığın əsası qoyulub. 2010-cu ildə bu əməkdaşlığın əhatə dairəsi daha da genişlənib və yüksək səviyyəli toplantıların keçirilməsi ilə yeni mərhələyə qədəm qoyulub. 2012-ci ildə imzalanan Qəbələ razılaşması ilə iki ölkə hərbiçilərinin birgə hərbi təlimlərinin keçirilməsinə başlanılıb. Bütün bunların fonunda 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsini hərbi əməkdaşlığımızın zirvə nöqtəsinə çatması kimi dəyərləndirə bilərik. Çünki tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək. Bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi olacaq”.
Bildirilib ki, Bəyannaməyə əsasən tərəflər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər: “Tərəflər müdafiə qabiliyyəti və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn birgə addımlar atacaqlar. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər. Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcəklər. Tərəflər həmçinin qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər. Bir-birilərini sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcəklər. Bütün bunlar isə həm hərbi əməkdaşlığa dəstək verəcək, həm də Azərbaycan Ordusunun Türkiyə modeli, NATO modeli ilə inkişafına kömək edəcək. Xatırladım ki, cənab Prezident İlham Əliyev də Vətən müharibəsi əsnasında verdiyi müsahibələrdə “Türk ordusu modelinə keçirik” deyə bəyan etmişdi”.
“Bir sözlə, bu gün məmuniyyətlə deyə bilərik ki, Mustafa Kemal Atatürkün və Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət – iki dövlət” ifadələrindən güc alan Azərbaycan-Türkiyə qardaşlığı bütün sahələrdə olduğu kimi hərbi əməkdaşlıq məsələsində də dünyaya nümunə təşkil edəcək. Məhz bu konteksdə Azərbaycanda keçirilən və müvəffəqiyyətlə başa çatan “Mustafa Kemal Atatürk – 2021” birgə təlimləri gələcəkdə atılacaq yeni addımlar üçün bir təkan rolunu oynayacaq. Mən təklif edərdim ki, bu il, yaxud gələn il buna oxşar Türkiyədə keçiriləcək birgə təlimlər də müasir, müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin adına olsun. Məsələn deyək ki, “Heydər Əliyev – 2021”, yaxud “Heydər Əliyev – 2022” Türkiyə-Azərbaycan birgə təlimləri. Bunun çox böyük anlamı var. Çünki bununla hərbçilərimiz də bilsinlər ki, ümummilli liderlər Mustafa Kemal Atatürkün və Heydər Əliyevin müəyyən etdikləri hədəflər əsgərlər üçün də vazkeçilməzdir”, – deyə Y.Karauz bildirib.