Bayraqdar.info – 2021-2022-ci tədris ili üçün ilk dəfə olaraq “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənni üzrə müəllimlərin işə qəbulu həyata keçirilir.
Bu barədə Təhsil Nazirliyi xəbər yayıb.
Xəbərdə bildirilir ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. İnformatika fənnini yeni formatda tədris etməyi hədəfləyən layihə üzrə çıxarılan vakansiyaları müsabiqədə iştirak edərək müvafiq bal toplayan namizədlər seçə biləcəklər.
“Nazirlik və “Alqoritmika” Beynəlxalq Təhsil Şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və onlara proqramlaşdırmanın əsasları öyrədilir. 2017-ci ildən etibarən həyata keçirilən layihə təhsil alanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir”, – deyə Nazirliyin xəbərində bildirilir.