Bayraqdar.info – Azərbaycan İndoneziya ilə əlaqələrin genişlənməsində maraqlıdır.
İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, bunu nazir Mikayıl Cabbarov İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidlə görüşündə deyib.
Nazir iki ölkə arasında əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsinin önəmini diqqətə çatdırıb.
Səfiri yeni təyinatı münasibətilə təbrik edən nazir onun fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
M.Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsi barədə də danışıb. Nazir Ermənistanın işğalçılıq siyasətilə bağlı İndoneziyanın qətiyyətli mövqeyinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə qeyd edilib ki, ticarət ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindəndir. 2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 faiz artaraq 27 milyon ABŞ dolları təşkil edib. Bununla belə, qarşılıqlı ticarətin artırılması üçün daha geniş imkanlar var.
Səfir H.Hamid iqtisadi-ticari əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. O, İndoneziya şirkətlərinin nəqliyyat və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərimizin bərpası məqsədilə həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını deyib.
Tərəflər bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanda və İndoneziyada keçiriləcək beynəlxalq sərgilərdə hər iki ölkənin sahibkarlarının iştirakı barədə də danışıblar. Eyni zamanda biznes forum formatında Azərbaycan-İndoneziya işgüzar görüşünün keçirilməsi barədə müzakirələr aparılıb.