Bayraqdar.info – Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu iyulun 8-dən avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə 8-23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər.
Subbakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq etməlidirlər.
Dövlət İmtahan Mərkəzindən bayraqdar.info-ya verilən xəbərə görə, subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə oluna bilər.
“Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini tıqladıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq göndəriləcək. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
“Xatırladaq ki, subbakalavrın “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir. SMS xəbərdarlıq aldıqdan sonra subbakalavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar”, – deyə DİM Mətbuat Xidməti bildirir.
Müsabiqədə iştirakın ödənişsiz olduğu qeyd edilir.
DİM bildirir ki, bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar 8-23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər. Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də qeydiyyatdan keçəcəklər. Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri DİM tərəfindən elan olunacaq.
Qabiliyyət imtahanlarında iştirak ödənişlidir.
Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Çağırışçıların möhlət hüququnu və ya çağırışdan azad edilməsini təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir.