Bayraqdar.info – İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasına nəzarət tədbirləri gücləndirilib. Bunun nəticəsində son 2 ildə işçilərin qeyd olunan hallardan icbari sığortası üzrə işəgötürənlərlə bağlanan müqavilələrin sayında artım qeydə alınıb. Həmçinin bəhs edilən dövrdə həmin icbari sığorta üzrə yığımlarda 53 faiz artım qeydə alınıb. Bu da həm işçilərin, həm də işəgötürənlərin qanuni mənafelərinin daha dolğun təminatına xidmət edir.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu həm işçilərin, həm də işəgötürənlərin qanuni mənafelərinin daha dolğun təminatına xidmət edir: “Çünki icbari sığorta müqaviləsi istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirdiyi hallarda işçilərin və ya yaxınlarının sığorta ödənişi ilə təminatına imkan verir. Digər tərəfdən, belə hallarda işəgötürənin işçiyə ödəniş, kompensasiya verilməsi ilə bağlı xərclərdən azad olunmasına əsas yaradır. İcbari sığorta müqaviləsi olmayan işçilər Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən aparılan təhlillər, habelə İcbari Sığorta Bürosunun təqdim etdiyi siyahılar əsasında, Xidmətə daxil olmuş müraciətlərə baxılması, eləcə də istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması nəticəsində aşkar edilir”.
Qeyd olunub ki, işçilərlə icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlər müəyyən edildikdə onlara e-sistem üzərindən xəbərdarlıq təqdim edilir. Həmin müqavilələrin bağlanması üçün tədbirlər görülür. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh nəzərdə tutulub.