Press "Enter" to skip to content

Sağlamlıq: Min bir dərdin dərmanı – doşab

Son yeniləmə: 8 İyul 2021 20:45

Bayraqdar.info – Yay mövsümü gələndə mürəbbələr, şorabalar, doşab-bəkməz hazırlanıb qışa tədarük görülür. Elə dədə-babadan belə görmüşük ki, yayda faydalı meyvələrdən hazırlanan mürəbbələr, rəçəllərdən qışda soyuqdəymə dərmanı kimi istifadə edilir. Qarağat, tut bəkməzi, moruq, böyürtkən və digər soyuqdəyməyə qarşı istifadə edilən vasitələr faydalı meyvələr hesab edildiyi üçün çox adam yayda bu meyvələrin mürəbbəsini hazırlayır. Bu mürəbbələr bişirilmək və ya bişirilməmək üzrə (şəkərlə qarışdırılaraq sərin yerdə saxlamaq) hazırlanır.

Bu dəfə sizə tut doşabı-bəkməzin faydalarından danışacağam. Doşab çox qiymətli müalicəvi məhsuldur. Tut doşabı həm ağ, həm də qara tutdan hazırlanır. Doşab bir sıra xəstəlikəri müalicə edir: öskürək, qanazlığı, qaraciyər xəstəlikləri və s. O həm də immuniteti gücləndirir.

Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur.

Mütəxəssislər doşabı balla müqayisə edir və iddia edirlər ki, bəzi maddələrin səviyyəsinə görə doşab balı üstələyir. Belə ki, doşabda dəmirin miqdarı balda olduğundan səkkiz dəfə çoxdur. Bu səbəbdən doşab qanazlığı zamanı və bu pozulmanın profilaktikası məqsədi ilə geniş istifadə olunur.

Doşab iltihab əleyhinə güclü təsirə malikdir. Bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı kömək edir – xəstənin ümumi vəziyyətini yaxşılaşdırır, tərləməni artırır, hərarəti salır.

Öskürürsünüzsə doşab yeyin

Öskürək zamanı doşab çox yaxşı kömək edir – bəlğəmi duruldur və onun çıxmasını asanlaşdırır. Öskürəklə mübarizə etmək üçün 1 xörək qaşığı doşabı (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq suda həll edib xəstəyə vermək lazımdır.

Doşab immun sistemini möhkəmləndirir və orqanizmə ümumi möhkəmləndirici təsir edir. Xəstəlik və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün doşab xüsusilə xeyirlidir.

Kalium və maqneziumla zəngin olan doşab ürək-damar sistemi üçün çox faydalıdır – ürək əzələsinə müsbət təsir edir, ödəmləri azaldır.

Doşab qaraciyərin dostudur. O, qara ciyəri möhkəmləndirir, iltihabı azaldır, ödqovucu təsir edir. Belə hesab olunur ki, tut bəkməzində sink çox olduğundan prostat problemi olanlar üçün də çox faydalıdır. Doşab kişilərdə potensiyanı gücləndirir.

B qrupu vitaminlərlə zəngin olan doşab insanın sinir sisteminə də müsbət təsir edir. Adamı sakitləşdirir, yuxusuzluqla mübarizəyə kömək edir. Güclü əqli və fiziki yorğunluq zamanı doşabın qəbulu çox xeyirlidir.

Qəbuletmə qaydaları

Profilaktika məqsədi ilə və immuniteti möhkəmləndirmək üçün doşabı hər gün acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Böyüklər gün ərzində 1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edə bilər. Müalicəvi vasitə kimi istifadə etdikdə bu doza artırılır.

Mütəxəssislər bildirir ki, qan azlığı, mineral çatışmazlığı və saç tökülməsi zamanı doşabdan istifadə etmək daha səmərəli nəticələr verir.

Bəkməz mineral qaynağıdır

Bənizi solmuş, qan azlığı olanların gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı bəkməz içməsi məsləhətdir. Bir xörək qaşığı tut bəkməzini içmək bir stəkan tut yeməyə bərabərdir. Onu da qeyd etmək lazımdır ki, tutu meyvə halında yemək daha faydalıdır, çünki bişəndə onun tərkibində olan bəzi vitaminlər parçalanır.

Tut doşabı bəkməzlərin şahı hesab edilir. O, ana südünün artırılmasında, böyrək və sidik yollarında yaranan həm daş, həm də iltihabi xəstəliklərin müalicəsində mühüm rol oynayır. Bundan əlavə, bəkməz əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağırsaq yaraları, eləcə də ağciyər problemləri zamanı çox faydalı təsir göstərir. Bəkməzi həm su ilə qarışdıraraq, həm də gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı içmək olar. Acqarına 100 qram doşab içmək də zərərli deyil.

Bəzi xüsusiyyətlərinə görə bəkməz meyvələrdən üstündür. Misal üçün, tut cəmi 15-20 gün yeyilir, amma bu meyvənin bəkməzindən ilboyu istifadə etmək olar. Doşab soyuqdəymə, bronxit, qaraciyər xəstəlikləri, halsızlıq, immunitet zəifliyi, sümük əyilmələri və ərimələrində də istifadə olunur.

Bəkməz inkişafda olan uşaqlar üçün də mükəmməl qidadır. Çünki onların minerallara daha çox ehtiyacı var. Doşab qan damarlarının içini yağlardan təmizləyir, bununla da ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır.

Ağız və boğaz yaralarında onu ağızda bir müddət saxlayandan sonra udurlar.

Çox geniş yayılan üzüm doşabı enerji mənbəyidir. O, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, dalaq böyüməsi zamanı faydalı təsir göstərir.

Şəkər xəstələri turş nar bəkməzindən istifadə etsinlər

Şəkərli diabet xəstələri bu qidadan çox az istifadə etməlidirlər. Onlara turş nar bəkməzi daha faydalı ola bilər.

Ürəyi zəif olanlar, tez-tez qıcolma, öskürək, babasildən əziyyət çəkənlər üçün əncir doşabı faydalıdır. Əncir bəkməzi ürəyin döyünmə gücünü artırır, dəridə səpki və ləkələri aradan qaldırmağa kömək edir.

Qeyd: Yazıda açıq mənəbələrdən istfadə edilib.

Mission News Theme by Compete Themes.