Bayraqdar.info – Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın “Opinio Juris” jurnalında geniş müsahibəsi dərc olunub. Müsahibədə diplomat Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və onun gücləndirilməsi perspektivləri haqqında bəhs edib. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin İtaliyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər, bu xüsusda İtaliya mətbuatı ilə aparılan iş haqqında danışıb.
Bu barədə bayraqdar.info-ya ölkəmizin İtalyadakı səfirliyindən bildirilib.
Müsahibədə Ermənistanın Azərbaycana qarşı 30 il müddətində davam etmiş hərbi təcavüzü və onun ağır nəticələri barədə də danışılıb. Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması və bölgədə hazırkı vəziyyətlə bağlı mövzulara geniş yer verilib.
M.Əhmədzadə Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olması və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan addımlar haqqında məlumat verib. Səfir eləcə də Azərbaycanın müsbət addımlarına qarşı Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, ərazilərin minalanması problemi, dezinformasiya kampaniyası barədə danışıb.
Diplomat müsahibəsində Vətən müharibəsi və ondan sonra İtaliya rəsmi qurumlarının məsələyə obyektiv münasibətindən razılıq bildirib. O, italyan şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki bərpa və yenidənqurma layihələrinə cəlb olunması istiqamətində həyata keçirilən iş barədə də məlumat verib.
Diplomat münaqişəyə İtaliya mətbuatının mövqeyi barədə də danışıb, eləcə də erməni tərəfinin yalan iddialarını cavablandırıb.
Müsahibədə, eləcə də COVID-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən tədbirlər barədə də məlumat verilib.