Bayraqdar.info – Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Sankt- Peterburqa səfəri başlayıb. Konfrans Rusiya Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Xəbər bayraqdar.info-ya iyulun 8-də Baş Prokurorluqdan verilib.
Xəbərdə bildirilir ki, Rusiyanın Baş prokuroru İqor Krasnov Avropa İnsan hüquqları konvensiyasının tələbləri kontekstində fərdi hüquqların və ictimai maraqların müdafiəsində prokurorluğun rolu haqda məlumat verib.
Tədbirdə insan hüquqlarının qorunmasında prokurorluğun rolundan danışılıb. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, o cümlədən kibercinayətkarlıq, rəqəmsal valyutalardan istifadə etməklə törədilən cinayətlərdə prokurorluqlar arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları tərəfindən Xəzər dənizində ətraf mühitin mühafizəsi və təbii resurslardan istifadə sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalanıb.
Bəyannamə Xəzər dənizi akvatoriyasında beynəlxalq hüquq və ətraf mühitin mühafizəsi haqqında milli qanunvericiliyin icrası mexanizmlərini özündə ehtiva edir. Habelə vətəndaşların ekoloji hüquqlarının qorunması və müvafiq hüquqpozmalara qarşı preventiv kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Səfər çərçivəsində Baş prokuror K.Əliyev İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali ilə görüşüb.
Nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri davam edir.