Press "Enter" to skip to content

Azərbaycanın tanınmış jurnalistləri təltif edildi. Qırğızıstanda…

Son yeniləmə: 8 İyul 2021 10:11

Bayraqdar.info – 20 ilə yaxındır Qırğızıstan mərkəzli Media Türkel Azərbaycanla Orta Asiya, xüsusilə də türk dünyası arasında bir körpü rolunu oynayır. Qurum 10-a yaxın müxtəlif növ media vahidini özündə birləşdirir.

Bugünlərdə Media Türkelin prezidenti Hökümə Xəlilova və baş redaktoru Ramiz Məşədihəsənli Qırğızıstan Hökumətinin “Xalqlar arasında dostluq, həmrəylik və əmin-amanlıq” fəaliyyətlərinə görə medalı ilə təltif olunub.

Bu haqda xəbəri bayraqdar.info-ya R.Məşədihəsənli verib.

Mükafatı təqdim edən Qırğızıstan Xalqları Assambleyasının sədri, akademik Abduqani Erkebayev ölkədə yaşayan 80-dən çox millətin nümayəndəsi arasında milli zəmində heç bir münaqişənin baş vermədiyini və xalqların dostluq, bərabərlik və həmrəylik içində yaşadıqlarını bildirib. Akademik eyni zamanda sabitliyin, əmin-amanliğın qorunmasında mətbuatın da böyük rol oynadığını vurğulayıb.

O, Media Türkelin fəaliyyətinə toxunaraq, fəaliyyət göstərdiyi 20 il ərzində “Türkel” qəzeti, “Altın körpü” jurnalı, Qırğızıstanın dövlət TV kanalı “Piramida”da “Dostluq körpüsü” proqramları, Altın Körpü (Golden Bridge News) xəbər agentliyi və s. media vahidləri ilə ölkələr arsında əsl körpü rolu oynadığını deyib.

Qırğızıstan Xalqları Assambleyası sədrinin müavini, Qırğızıstan Azərbaycanlılarının Azəri İB-nin sədri, əməkdar hüquqçu Əzizağa Əliyev də çixiş edərək diaspora adından soydaşlarımızı təbrik edib.

Təltif mərasimi müxtəlif diaspor təşkilatları rəhbərlərinin iştirakilə keçib.

Xatırladaq ki, bu yaxınlarda soydaşlarımız Qırğızıstanın sosial-mədəni həyatında ölkənin gündəmini əks etdirən məzmunlu məqalə və telesüjetləri ilə xidmətlərinə görə, Alatoo Xanımları təşkilatının təsis etdiyi “Alımjan Dadka” və “Kanıkey” ordenləri ilə də təltif olunmuşdular.

Əlavə edək ki, H.Xəlilova və R.Məşədihəsənli məhdud imkanları çərçivəsində Qırğızıstanla bərabər Qazaxıstanda da Azərbaycanın maraqlarını media müstəvisində olduqca fəal şəkildə təmsil edirlər. Onlar buna qədər də istər Qırğızıstan, istərsə də Qazaxıstan dövləti tərəfindən müxtəlif yüksək mükafatlarla təltif ediliblər. Lakin təəssüflər olsun ki, bu illər ərzində Azərbaycanın müvafiq dövlət qurumları həmkarlarımızın fəaliyyətini demək olar ki, görməzlikdən gəlib. Ümid etmək istərdik ki, 22 İyul Milli Mətbuat Günü ərəfəsində bu həmkarlarımıza da dövlətimizin uyğun qurumları diqqət ayıracaq.

Mission News Theme by Compete Themes.