Press "Enter" to skip to content

Tehran rejimi Azərbaycanlı məhbusun xəstəxanaya köçürülməsinə icazə verməyib

Əlurza Fərşi

Son yeniləmə: 8 İyul 2021 09:59

Bayraqdar.info – İran məhkəmə sisteminin rəsmiləri və Böyük Tehran Həbsxanasının (Fəşafuyə) məsulları siyasi məhbus Əlirza Fərşiyə qarşı daha bir qanunsuzluğa yol verib.

Həkim reseptinə və vəziyyətinin pisləşməsinə baxmayaraq siyasi məhbusun xəstəxanaya köçürülməsinə icazə verilməyib.

Ə.Fərşi Böyük Tehran Həbsxanasında saxlanılır. Diabet xəstəsi olan siyasi məhbusun hər iki gözündə problem var. O, sol gözünün infeksiyasından əziyyət çəkir.

Ə.Fərşi həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb.

Siyasi məhbus fiziki vəziyyətinin pisləşməsi səbəbindən iyunun 29-da bir dəfə “Loğman” xəstəxanasına, iyulun 4-də isə Tehranın “Fərabi” xəstəxanasına göndərilib.

“Loğman” xəstəxanasının endokrinoloji və metabolizma klinikasının həkimi siyasi məhbusu müayinə etdikdən, dərman və özəl pəhriz resepti verdikdən sonra məsullardan 6 iyulda yenidən müalicə alması üçün xəstəxanaya köçürülməsini istəmişdi.

Ə.Fərşinin Tehrandakı Fərabi xəstəxanasındakı həkimi də onun sol gözünə kornea əməliyyatı diaqnozu qoyub və siyasi məhbusun sol göz zədəsini yenidən müayinə etmək və sağ gözünə linza resepti üçün 6 iyul tarixində xəstəxanaya geri aparılmalı olduğunu bildirmişdi.

Lakin məhkəmə məmurları və Böyük Tehran Həbsxanasının rəsmiləri son iki gündə həkim reseptinə və Ə.Fərşinin fiziki vəziyyətinin pisləşməsinə baxmayaraq onu xəstəxanaya göndərməkdən imtina edirlər.

“Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti son 10 gün ərzində siyasi məhbusun durumunun ağırlığını nəzərə alaraq onunla bağı iki dəfə BMT-yə müraciət edib.

Cəmiyyət siyasi məhbus barəsində hesabat və məlumatı “çox təcili və fövqəladə” başlığı ilə BMT-yə göndərib.

Cəmiyyət bəyan edib ki, BMT Ə.Fərşinin durumu barədə göndərilən hesabatı aldığını təsdiq edib. Hazırda qurum ədalətsiz şəkildə həbs olunan Ə.Fərşinin durumu barədə BMT-nin verəcəyi reaksiyanı gözlədiyini qeyd edib.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.