Son yeniləmə: 7 İyul 2021 15:33
Bayraqdar.info – Mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Press Emblem Campaign (PEC) adlı beynəlxalq jurnalist təşkilatı 2021-ci ilin ilk yarısına aid hesabat hazırlayıb.
Qurumdan iyunun 6-da bayraqdar.info-ya daxil olan məlumatda bildirilir ki, 2021-ci ilin ilk 6 ayı ərzində dünyada ən azı 35 jurnalistin öldürüldüyü təsdiqlənib.
Hesabatda iyunun 4-də Kəlbəcər rayonunda işğalçı Ermənistanın basdırdığı minaya düşərək həlak olan 2 Azərbaycan jurnalisti haqqında da qeyd var. Ümumilikdə isə 21 ölkədə jurnalistlərin öldürülməsi qeydə alınıb.
Yarım il ərzində 5 jurnalistin öldürüldüyü Əfqanıstan bu acı siyahıya başçılıq edir. Meksika və Pakistanın hərəsində isə 3 jurnalist öldürülüb. Azərbaycanla bərabər Banqladeş, Braziliya, Burkina Faso, Efiopiya və Hindistanın hər birində 2 jurnalist öldürülüb.
Kolumbiya, Kongo, Ekvador, Qəzza – Fələstin, Yunanıstan, Haiti, Livan, Nigeriya, Somali, Türkiyə, ABŞ və Yəmən kimi ölkələrin hər birində 1 jurnalist öldürülüb.
PEC qeyd edir ki, ölüm hallarının çoxunda jurnalistlər məqsədli şəkildə hədəf seçilib.
Hesabatda COVID-19 pandemiyası başlayandan 2021-ci il iyunun sonunadək dünya üzrə 1 min 580 jurnalistin məhz bu xəstəlikdən öldüyü də qeyd edilib. Ümumilikdə 78 ölkədə jurnalistlər COVID-19 üzündən həyatdan məhrum olublar.
Ən qorxulu durum Hindistandadır. Təkcə ötən iyun ayı ərzində bu ölkədə 60-dək jurnalist COVID-19-dan ölüb.