Bayraqdar.info – Qırğızıstanda fəaliyyət göstərən və özəlliklə də 44 günlük Vətən müharibəsi günlərində Azərbaycana açıq dəstəyi ilə fərqlənən Azərbaycanın Dostları Klubunun prezidenti dəyişdirilib.
Bu haqda xəbəri bayraqdar.info-ya Klubun artıq yeni prezidenti seçilmiş Assol Moldokmatova verib.
A.Moldokmatova bildirib ki, Klubun prezidenti Kayrat Osmonaliyev bu yaxınlarda Qırğızıstanın Azərbaycandakı səfiri təyin edildiyi üçün vəzifəsindən ayrılmalı olub. O, Klubun yeni prezidenti vəsifəsinə A.Moldokmatovanın namizədliyini uyğun görüb və bu təşəbbüs dəstəklənib.
Qırğızıstanda və ondan kənarda kifayət qədər yaxşı tanınan A.Moldokmatova yeni vəzifəsində Qırğızıstanla Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi üçün ictimai təşəbbüsləri artıracağını deyib. O, Qırğızıstanın Kabar Agentliyinə verdiyi geniş müsahibədə də bu məsələlərə aydınlıq gətirib.
Bayraqdar.info ilə də yaxından əməkdaşlıq edən Azərbaycanın Dostları Klubunun yeni prezidenti bundan sonrakı fəaliyyətini də iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə həsr edəcəyini deyib.
Əlavə edək ki, bir müddət öncə A.Moldokmatovanın bayraqdar.info-ya verdiyi geniş müsahibə də hər iki ölkədə çox maraqla qarşılanmışdı.