Press "Enter" to skip to content

Qazaxıstan və Qırğızıstanda Azərbaycan məktəbləri? Yoxdur axı…

Bayraqdar.info – Bugünlərdə internet mediada məlumat yayılıb ki, Orta Asiyadakı qardaş ölkələrdə Azərbaycan məktəbləri fəaliyyət göstərirmiş. Bu xəbər orada yaşayan soydaşlarımızın heyrətinə səbəb olub. Bunu nəzərə alaraq, bayraqdar.info-nun Orta Asiyadakı tərəfdaşı Media TÜRKEL Qazaxıstan və Qırğızıstandakı Azərbaycan diaspor rəhbərlərinin fikirlərini öyrənib.

Bu günlərdə Azərbaycanın üzdə olan internet səhifələrindən birində xarici ölkələrdə olan Azərbaycan dilli məktəblərin sayı barədə məlumat verilmişdi. İlk baxışdan oxucuda belə xoş təəssürat və təsəvvür yaranır ki, maşallah, Azərbaycan dili tədricən xarici ölkələrin gündəminə və həyatına daxil olmağa başlayır.

Çox təəssüf ki, Qazaxıstan və Qırğızıstanda 20 ildən bəri media TÜRKEL-in fəaliyyət göstərdiyi müddətdə dəfələrlə Azərbaycan dilinin unudulmaması üçün tarixi Vətənin müvafiq dövlət qurumlarına müraciət olunsa da, keçən əsrin 29-50-ci illərində Azərbaycanın müxtəlif bölgələrindən Orta Asiyanın bu ölkələrinə sürgün edilən soydaşlarımızın keçmişini, tarixini, ədəbiyyatını, mədəniyyətini yaddan çıxarmamalarından ötrü çox vacib sayılan bu sahəyə lazımi diqqət verilməyib.

İndi də çox həvəs və fəxrlə Qazaxıstanda 7, Özbəkistanda 1 və Qırğızıstanda 2 Azərbaycan dilli məktəbin olduğunu yazırlar.

Dərhal Qazaxıstan Məclisinin deputatı, buradakı Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri Əbülfəz Xamedov və Qırğızıstan Azərbaycanlıları AZƏRİ İB-nin prezidenti, əməkdar hüquqçu Əzizağa Əliyevlə əlaqə saxladıq. Media TÜRKEL-in bildiyi məlumatı dəqiqləşdirdik.

Əbülfəz Xamedov: Uzun illərdən bəri Azərbaycan cəmiyyəti doğma dilimizin soydaşlarımız tərəfindən unudulmaması və Azərbaycan dilini öyrənmək istəyən digər millətlər üçün “Bazar günü” məktəbləri açdı. Qazaxıstanın demək olar ki, 14 vilayətinin bəzilərində və böyük şəhərlərində bu istəyimizi həyta keçirdik. Ancaq qeyd olunan məlumat yanlışdır. Haradadır Azərbaycan dilli 7 məktəb? Bəlkə biz bilmirik bunu? Rəqəmlərə və gerçək mənbəyə əsaslanmaq istəyənlər ən azından toplumumuzun hər hansı üzvündən soruşsalar kifayət edərdi. Qarışıq salmayın: azərbaycan dilli məktəblə “Bazar günü” məktəbini. Bir neçə “Bazar günü” məktəbimiz fəaliyyətini bu gün də davam etdirir. Axı kimə lazımdır yanlış bilgilər, yaxud nə məqsəd güdür?!.

Əzizağa Əliyev: Bəri başdan onu qeyd edim ki, Qırğızıstanda 21 mindən bir qədər artıq Azərbaycanlı yaşayır. Düzdür, son əlifbamızla yazıb-oxumaqda çoxlarımız çətinlik çəksək də, şükürlər olsun ki, nə dilimizi, nə dinimizi, nə kökümüzü, nə də adət-ənənələrimizi, mədəniyyətimizi unutmamışıq. Böyüklərimiz sürgün həyatı yaşasalar da daim tarixi vətənlə nəfəs almışıq, irsimizi nəsildən-nəslə ötürmüşük. Çox sayda soydaşımız ali təhsil diplomu alıb. Azərbaycan məktəbimiz heç olmayıb. Çox arzulamışıq ki, olsun. Yığcam yaşadığımız bölgələrdə isə siniflər açmağa imkan olmayıb. Hazırda yurddaşlarımızın çoxluq təşkil etdiyi Bişkek yaxınlığındakı Kant şəhərində orta məktəb daxilində Azərbaycan sinfi fəaliyyət göstərir. Sinfi bütün dərsliklərlə təmin etmişik. Görəsən, internet resursları rəqəmləri haradan və kimdən alırlar, şişirdirlər olanları? Bizim Qırğızıstanda, dediyim kimi, yalnız bir Azərbaycan sinfimiz var – Kant şəhərində. İkinci bir sinif açmaq üçün Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinə ilin əvvəlində müraciət etmişik. Digər bir məktəb də inşa olunur Bişkek şəhərində. Onu da Azərbaycan dövlətinin hesabına tikirlər. Azərbaycan dilli məktəb deyil, qırğız xalqına Azərbaycan hökumətinin hədiyyəsidir. Jurnalistlər məndən inciməsin; bəzən bir yanlış məlumat ölkələr, dövlətlət arasında böyük mübahisələrə gətirib çıxara bilər. Yazanda yüz ölçün, bir biçin.

Mission News Theme by Compete Themes.